Şimali Koreya Trump-ı 'məyus' edə bilər

ABŞ prezidenti Donald Trump deyib ki,hətta ötən həftə ABŞ və Şimali Koreya liderlərinin görüşündən sonra da Şimali Koreyanın raket start meydançasını yenidən tikdiyinə dair xəbərlər doğrularsa, o “çox məyus” olacaq.

Trump martın 6-da Ağ Evdə jurnalistlərə deyib:

"Əgər bu baş verirsə, mən çox məyus olacağam. Görək nə olur? Hələlik bir söz demək tezdir. Bu çox erkən xəbərdir. Bu xəbərləri biz veririk. Amma sədr Kim məni çox, çox məyus edə bilər. İnanmıram ki, belə olsun. Amma görərik nə olur. Baxarıq. Son nəticədə bu məsələ həll olunacaq”.

Buna da bax: Trump Kim-dən gizli zavodun bağlanmasını tələb edib

ABŞ-ın iki təhlil mərkəzi və Cənubi Koreyanın Yonhap xəbər agentliyi martın 5-də məlumat yayıb ki, Şimali Koreyanın Sohe Peyk Buraxılışı Stansiyasının bir hissəsində bərpa işləri aparılır.

Pxenyan ötən iyunda Sinqapurda keçirilmiş ilk Trump-Kim sammitindən sonra verdiyi vədə uyğun olaraq Sohedə raket mühərriklərinin sınağı üçün nəzərdə tutulmuş qurğunu sökməyə başlamışdı.

İki liderin fevralın 27-28-də Hanoyda keçirilmiş ikinci sammiti Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılaşma əldə edilmədən başa çatıb.

Trump Hanoyda müxbirlərə demişdi ki, razılaşmanın əldə edilməməsi sanksiyalara görə olub: “Əslində onlar sanksiyaların bütünlüklə qaldırılmasını istəyirdilər, biz də bunu edə bilməzdik”.

Lakin martın 6-da Trump bunu da deyib ki, sədr Kimlə münasibətləri Hanoy danışıqlarının nəticəsiz bitməsinə baxmayaraq “yaxşı” səviyyədə qalır.