Merkel Trump-la görüşəcək

Almaniya kansleri Angela Merkel qarşıdan gələn həftələrdə prezident Donald Trump-la görüşmək üçün Birləşmiş Ştatlara səfər edəcək.

Bu barədə məlumatı Ağ Ev yayıb. Ağ Evin mətbuat katibinin müavini Hogan Gidley aprelin 5-də xanım Merkelin səfəri barədə məlumatı təsdiqləsə də, görüş üçün dəqiq vaxt bildirməyib.

Bununla belə Ağ Evin vəzifəli rəsmilərindən biri Reuters-ə deyib ki, Trump-Merkel görüşü aprelin 27-ə planlaşdırılıb.

Əgər belədirsə, Fransa prezidenti Emmanuel Macron Trumpl-la Ağ Evdə üç gün əvvəl görüşəcək.

AzadlıqRadiosu yazır ki, bu görüşlər mayın 12-dən əvvələ təsadüf edir və prezident Trump ABŞ-ın Avropa müttəfiqlərinə İranla 2015-ci ildə imzalanmış sazişin “fəlakətli qüsurlarını düzəltmək” üçün məhz həmin günə qədər möhlət verib.

Prezident Trump bildirir ki, İran nüvə sazişinin şərtlərinə əməl etsə də, özünün Yaxın Şərqdəki davranışı və raket proqramını inkişaf etdirməsi ilə sənədin “ruhunu” pozur.

Bu da xəbər verilir ki, Avropa liderləri Trump-la görüşdə polad və alüminium tarifləri məsələsini də müzakirə edə bilərlər. Donald Trump ABŞ-a idxal edilən bu materiallara əlavə rüsum qoyub.

Avropa İttifaqının ABŞ-a ixracatı üçün təyin edilmiş güzəştlərin vaxtı da aprelin sonlarında bitməlidir.