Trump və Merkel İranı, Rusiyanı müzakirə ediblər

ABŞ prezidenti Donald Trump aprelin 27-də Almaniya kansleri Angela Merkeli Ağ Evdə qəbul edib

ABŞ prezidenti Donald Trump israr edib ki, İran nüvə silahları əldə edə bilməyəcək. Lakin ABŞ prezidenti 2015-ci il nüvə sazişinin iflasa uğradığı təqdirdə Tehrana qarşı hansı tədbilərin görülə biləcəyini deməyib.

ABŞ-a səfərdə olan Almaniya kansleri Angela Merkellə birgə keçirdiyi mətbuat konfransında Trump deyib: “Mən burada hərbi güc işlədib-işlətməyəcəyimdən danışmıram. Amma bunu sizə deyə bilərəm: onlar nüvə silahları düzəltməyəcəklər. Bunu sizə deyə bilərəm, OK? Onlar nüvə silahları istehsal etməyəcəklər. Bundan xatircəm ola bilərsiniz”.

Bundan əvvəl Trump, ABŞ-ın Avropa müttəfiqlərinə 2015-ci il İran sazişindəki “qüsurların” aradan qaldırılması üçün mayın 12-dək vaxt vermişdi. O bildirmişdi ki, ABŞ əks halda bu sazişi tərk edəcək.

Saziş İranla dünyanın altı gücü – ABŞ, Rusiya, Britaniya, Fransa, Çin və Almaniya arasında bağlanıb. Bu ölkələr Vaşinqtonu inandırmağa çalışırlar ki, bu razılaşma hazırkı vaxtda Tehranın nüvə proqramını cilovlamaq üçün mümkün olan ən yaxşı vasitədir.

Merkel də bildirib ki, saziş “mükəmməl” deyil, lakin Tehranın nüvə fəaliyyətlərinin yavaşıdılmasında “təməl daşı” və “İlk addımdır”.

Merkel bunu da deyib ki, o Trump-la birlikdə Rusiyanın Krımın ilhaqı və Ukraynanın şərqindəki separatçıların dəstəklənməsi kimi “qanunsuz fəaliyyətlərini” müzakirə ediblər.

Almaniya kansleri bəyan edib ki, bu məsələdə Ukraynanın ərazi bütövlüyü əsas prinsipdir və gücləndirilməlidir.