Trump iranlı ailənin toy planlarını alt-üst edib

Donald Trump-ın qərarından sonra Vaşinqton Dulles Beynəlxalq Hava Limanı, 28 yanvar 2017

Sara xoş ailə mərasiminə hazırlaşırdı. İranın şimalından olan 35 yaşlı bu qadın təzəlikcə ABŞ-a viza almışdı. Texasın Dallas şəhərinə özü, 1 yaşlı oğlu və 5 ildir görmədiyi oğluna qovuşmağa həyəcanlanan anasına təyyarə bileti də almışdı.

İranlı ərinə viza verilməsindən səbəbsiz imtina edilsə də, Sara buna görə ruhdan düşmək istəmirdi.

Onun ABŞ universitetlərindən birində doktorantura təhsili alan qardaşı fevralda burada ailə qurmağa hazırlaşırdı. Gənc oğlan bu əlamətdar hadisədə illərdir görmədiyi bir neçə ailə üzvlərini bir yerə toplamaq istəyirdi.

İranda toy

Lakin yanvarın 27-də Prezident Donald Trump xarici ölkələrdən ABŞ-a terrorçuların girişinə yol verməmək adı altında İranın və daha 6 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişini 90 günlüyə yasaqlayan o məşhur fərmanı imzaladı. Bu fərman Sara və ailəsinin planlarını alt-üst etdi.

Buna da bax: Trump müsəlmanların ABŞ-a miqrasiyasını qadağan edir

“Sadəcə, iranlı olduğumuza görə...”

"Çox məyusam. Sadəcə, iranlı olduğumuza görə bizə belə davranılmasını anlaya bilmirəm. Axı, biz yanlış bir əməl törətməmişik", – hazırda Rəştdə olan Sara AzadlıqRadiosuna (RFE/RL) deyib.

"Qardaşım öz toyunda bizi görməyi səbirsizliklə gözləyirdi. Amma artıq bizdən heç kim orda ola bilməyəcək", – deyən Sara qadağanın irqçi, təhqiredici və ayrımçı olduğunu söyləyir.

İrandakı 1979-cu il inqilabından bu yana ABŞ-ın bu ölkə ilə diplomatik münasibətləri yoxdur. O vaxtdan Vaşinqtonun İrandakı maraqlarını İsveçrənin bu ölkədəki səfirliyi təmsil edir. İranlılar ABŞ-a viza almaqdan ötrü onun 3-cü ölkələrdəki diplomatik nümayəndəliklərinə müraciət etməli olurlar. Sara da viza üçün bir neçə dəfə Ermənistana getməli olub. Ancaq indi pasportunda ABŞ vizası olsa da, bu ölkəyə daxil ola bilmir.

Hizbullahı, Fələstindəki radikal qruplaşmaları və Yaxın Şərqdəki digər silahlı birləşmələri dəstəklədiyinə görə 2014-cü ildən Dövlət Departamenti İranı "terroru dəstəkləyən dövlət" kimi tanıyır.

Iran, bir qrup tələbə Amerikanın Tehrandakı səfirliyinə hücum edir, 1979

Ötən həftə elan olunmuş səyahət qadağası İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişini 90 günlüyə yasaqlayır. Qadağada həmçinin ölkəyə qaçqın qəbulunun 120 günlük dayandırılmasını nəzərdə tutulur. Suriyalı qaçqınlardan ötrü isə bu qadağa, ümumiyyətlə, müddətsiz qoyulub.

Trump-ın prezidentliyinin ilk həftəsində verdiyi bu fərman hava yolu şirkətlərini, aeroportları, eləcə də ABŞ-ın xarici ölkələrdəki səfirlik və konsulluqlarını hazırlıqsız yaxalayıb. İstər ölkə daxilində, istərsə də ölkə xaricində bu qadağaya kütləvi etiraz aksiyaları başlayıb.

Buna da bax: ABŞ-ın müdafiə naziri: 'İran dünyada terroru dəstəkləyən əsas dövlətdir'

Bu cür tədbirlər Amerika dəyərlərinə kölgə salır

İranın qatı antiamerikan yönümlü hakimiyyət dairələrindən fərqli olaraq, sadə iranlıların çoxu amerikan cəmiyyətinə xoş münasibət bəsləyir.

İran ABŞ-dakı 2001-ci il 11 sentyabr terrorundan sonra qurbanların xatirəsini yad edən tək-tük Yaxın Şərq ölkəsindən biri olmuşdu.

"ABŞ-ı həmişə ən qabaqcıl və ən demokratik ölkənin simvolu hesab etmişik. Ancaq bu cür tədbirlər ABŞ dəyərlərinə kölgə salır. Başqa dövlətlərin vətəndaşlarının hüquqlarına hörmət etməyən bir dövlət, istər-istəməz, adamın gözündə kiçilir", – deyir Sara.

Bununla belə, o, fevralın 10-a olan biletini hələ də geri qaytarmayıb. Çünki bir möcüzənin baş verəcəyinə ümid edir. Fevralın 3-də ABŞ-da bir federal hakimin prezidentin fərmanının qüvvəsini dayandırması Saranın intizarla gözlədiyi həmin möcüzə ola bilər.