Trump deyib ki, xüsusi prokurora ifadə verməli olacağını 'ehtimal etmir'

ABŞ prezidenti deyib ki, Rusiyanın keçən ilin seçkisinə müdaxiləsini və Trump-ın yaxın çevrəsinin Rusiya ilə mümkün sövdələşməsini araşdıran xüsusi prokuror Robert Mueller-ə ifadə verməsinin lazım gələcəyini düşünmür.

Yanvarın 10-da Norveç baş naziri Erna Solberg-lə birgə keçirdiyi mətbuat konfransında Trump Rusiya ilə onun seçki kampaniyası arasında “heç bir sövdələşmə olmadığına” dair bəyanatını bir daha təkrar edib.

Buna görə də onun dediyinə görə, “ifadə verməyə hətta ehtiyac qalmaya da bilər”.

Trump-ın bu qeydlərindən əvvəl ABŞ mediası xəbər verirdi ki, Mueller Ağ Evi,ola bilsin ki, Trump-ı dindirmək istəyəcəyi barədə xəbərdar edib.

Bu məsələ ilə yaxından tanış mənbələrə istinad edən media yanvarın 9-də yazırdı ki, Mueller-in istintaq komandası son müzakirələr zamanı Trump-ın vəkillərinə belə bir dindirməyə tezliklə ehtiyac olacağını bildirib, lakin bu görüş üçün dəqiq tarix deyilməyib.

ABŞ kəşfiyyat agentlikləri Rusiyanın Trump-ın qələbəsinə kömək etmək məqsədilə 2016-cı il seçkisinə müdaxilə etdiyini bildiriblər.

Xüsusi prokuror Robert Mueller

Mueller və azı üç Konqres komitəsi Rusiyanın ABŞ seçkisinə mümkün müdaxiləsini araşdırır.

Kreml bu ittihamları rədd edib, Trump isə komandasının bu məqsədlə Rusiya ilə sövdələşməyə girdiyinə dair iddiaları təkzib edib.

Bu mətbuat konfransında Trump habelə deyib ki, Birləşmiş Ştatlar “ehtimalən” 2015-ci il Paris İqlim razılaşmasına qayıda bilər.

Trump deyib: “Səmimi desəm, bu mənim problemim olmayan bir razılaşmadır, mənim problemim bu sazişin imzalanmasıdır, çünki adətən olduğu kimi onlar yenə də pis saziş bağlayıblar. Buna görə də ola bilsin ki, biz bu sazişə qayıdaq”.