Həmin müsəlmanların sosial media hesabları da yoxlanacaq

Donald Trump və general John Kelly

ABŞ-a girişi yasaqlanmış şəxslərin sosial media hesabları və telefon danışıqları izlənəcək. ABŞ-ın yeni təhlükəsizlik katibi belə deyib.

Yada salaq ki, ABŞ-ın yeni prezidenti Donald Trump yeddi müsəlman ölkəsinin vətəndaşlarının bu ölkəyə girişini qadağan edib.

“KİMİNLƏ DANIŞDIQLARINI GÖRƏK”

Donald Trump-ın İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına bu qadağası dörd gün öncə, heç bir xəbərdarlıqsız tətbiq edilməyə başlayıb.

Buna da bax:​ Trump-ın fərmanı ilə müsəlman qaçqınları ABŞ-a buraxmadılar

Ötən gün təhlükəsizlik katibi John Kelly Trump-ın səfər qadağasını izah etməyə çalışarkən deyib ki, "hazırda hədəflədiyimiz yeddi ölkə də daxil olmaqla, bir çox ölkələrdə hüquq mühafizəsi, qeydiyyat, bu kimi şeylərin səviyyəsi ...kafi deyil".

Onun sözlərinə görə, bu səbəbdən ABŞ hökuməti viza üçün müraciət edənlərin sosial media hesablarını və telefon əlaqələrini araşdıracaq "ki, onların kiminlə danışdığını görək".

Kelly bu tədbirin ABŞ Konstitusiyasını pozaraq birbaşa müsəlmanları hədəfə aldığını inkar edib.

Buna da bax: İraq parlamenti ABŞ-a qarşı cavab tədbirləri görməyə çağırıb

QADAĞA UZADILA DA BİLƏR

"Bu planetdə yaşayan 1,7 milyard müsəlmanın böyük əksəriyyəti ...Birləşmiş Ştatlara gələ bilir. Nisbətən az sayda insansa, biz onların prosedurlarını müəyyənləşdirənə qədər saxlanılır", – o deyib.

Trump-ın qərarı sözügedən yeddi ölkədən gələn vətəndaşların ABŞ-a girişini, azı, 90 günlüyünə qadağan edir. Ancaq Kelly deyir ki, bəziləri üçün bu qadağanın müddəti uzadıla da bilər. Onun sözlərinə görə, əgər deyilən vaxta qədər güclü yoxlama prosedurları hazır olmasa, müddət uzadılacaq.

"Bu siyahıdakı ölkələrin bəziləri siyahıdan tezliklə çıxarıla bilməz. Onların arasında, məsələn, iflas durumunda olan ölkələr var", – deyən Kelly belə ölkələrə heç bir nümunə göstərməyib.

Buna da bax:​ Trump müsəlmanlara qadağaya qarşı çıxan baş prokuroru işdən qovdu

Sözügedən qərar ABŞ-ın bir çox immiqrasiya qapılarını və xarici hava yollarını qəfil yaxalayıb. Nəticədə qanuni ABŞ sakini olan bir çox adamın Birləşmiş Ştatlara gedən təyyarələrə minməsinin qarşısı alınıb. ABŞ-a çatan kimi saxlanılanlar da olub.

721 NƏFƏR TƏYYARƏYƏ BURAXILMAYIB

ABŞ gömrük və Sərhəd Mühafizə Komissarının vəzifələrini icra edən Kevin McAleenan deyib ki, ikili vətəndaşlığı olan şəxslər uyğun pasport təqdim etdikləri halda ABŞ-a daxil ola bilərlər.

"Gələn şəxslər sərhədlərimizdə ikili vətəndaşlıq statusuna görə deyil, təqdim etdikləri pasportlara görə dəyərləndirilirlər", – deyə o bildirib.

Buna da bax:​ 900 amerikalı diplomat Trump-a etiraz edir

McAleenan-ın sözlərinə görə, bazar ertəsinə qədər 721 insana təyyarəyə minməyə imkan verilməyib. 1000-dən çox adamsa Trump-ın qərarından azad edilib. Onların ölkəyə daxil olmasına imkan yaradılıb.

Ağ Ev israrla qoyulan qadağanın "müsəlman qadağası" deyil, gücləndirilmiş yoxlama prosedurları olduğunu desə də, Trump bazar ertəsi öz “Twitter”ində belə yazıb: "Qadağadan bir həftə öncə xəbərdarlıq edilsəydi, "pislər" həmin həftə ərzində öz ölkələrinə tələsəcəkdilər. Ətrafda həddindən çox pis gədələr var!"