ABŞ prezidenti Donald Trump onun prezident Putinlə bağları barədə suallar yaradan xəbərlərə cavab olaraq deyib ki, “o heç vaxt Rusiyaya işləməyib”. Trump bu xəbərləri “yepyekə uydurma” adlandırıb.
Trump-ın yanvarın 14-də Ağ Evdə jurnalistlərə açıqladığı şərhlərdən az əvvəl The Washington Post qəzeti yazmışdı ki, Trump özünün Putinlə söhbətlərinin “təfərrüatlarını açıqlamamaqla fövqəladə məsafədə uzağa gedib”.
The New York Times qəzetində dərc edilmiş başqa bir məqalədə deyilirdi ki, FTB 2017-ci ildə Trump-ın Rusiya maraqlarına işlədiyini araşdıran əks-kəşfiyyat təhqiqatı açıbmış. Məqalədə qeyd olunurdu ki, bu, Trump FTB-nin direktorunu vəzifəsindən azad etdikdən dərhal sonra baş verib.
Mövcudluğu iddia olunan bu təhqiqatın sonradan Trump-ın Rusiya ilə 2016-cı il seçkisindən əvvəlki əlaqələrini araşdıran xüsusi prokuror Robert Muellerin apardığı təhqiqata birləşdirildiyi deyilir.
Nyu Orleana yollanmazdan əvvəl Ağ Evin qarşısında danışan Trump FTB və Ədliyyə Nazirliyinin rəsmilərini “kimliyi bəlli əclaflar” və “çirkli polislər” adlandırıb.
Trump istər yanvarın 14-də mətbuata verdiyi şərhlərdə, istərsə də yanvarın 12-də Fox News telekanalına müsahibəsində Putinlə söhbətlərinin təfərrüatlarını administrasiya rəsmilərindən gizlətdiyinıə dair məlumatları təkzib edərək deyib ki, o “heç nəyi pərdə arxasında gizlətməyib”. Bununla belə Trump Rusiya üçün işləyib-işləmədiyinə dair suala birbaşa cavab da verməyib.
İndiki və keçmiş ABŞ rəsmilərinə istinad edən The Washington Post yazır ki, azı bir halda, 2017-ci ildə Putinlə Hamburqda danışıqlarından sonra Trump tərcüməçinin qeydlərini onun əlindən alıb və ona danışıqlarda söhbətin nədən getdiyini heç kimlə müzakirə etməmək təlimatı verib.
Trump Fox News kanalına müsahibəsində, 2018-ci ilin iyulunda Helsinkidə Putinlə iki saatlıq görüşü barədə “əla söhbətimiz” oldu deyib.
ABŞ prezidenti Mueller-in təhqiqatını “əcinnə ovu” adlandırıb.