Trump Rusiya üzərindəki sanksiyalardan danışıb

ABŞ prezidenti Donald Trump avqustun 20-də Reuters agentliyinə müsahibəsində deyib ki, o Rusiya üzərindəki sanksiyaların qaldırılması məsələsini nəzərdən keçirmir, lakin Rusiya onun Ukrayna və Suriyada istədiyini versəydi, sanksiyaların ləğvini nəzərdən keçirərdi:

"Mən bu məsələni qətiyyən nəzərdən keçirmirəm. Yox. Onlar bizim üçün yaxşı olacaq nəsə versələr mən bunu nəzərdən keçirərdim. Bunsuz mən bu məsələni nəzərdən keçirmərəm”.

Trump Rusiya ilə sanksiyalar məsələsində razılaşma əldə oluna biləcək sahələri gördüyünü deyib:

"Bizim bir birimiz üçün edə biləcəyimiz çox sayda yaxşı şeylər var…”

O bu sırada Suriya, Ukrayna və “bir çox başqa şeylərin” olduğunu deyib.

Trump Reuters-ə deyib ki, Putin ötən ay Helsinkidə keçirilmiş sammit zamanı ondan ABŞ sanksiyalarının qaldırılmasını xahiş etməyib.

Lakin o deyib ki, onlar az qala iki saat çəkən şəxsi söhbət zamanı Rusiyanın Krımı ilhaqı və şərqi Ukraynaya müdaxiləsi, Rusiyadan Almaniyaya ŞimalAxını 2 təbii qaz kəmərini müzakirə ediblər:

"Təbii ki, mən Krımı qeyd etdim. Mən nə vaxt Ukraynanı qeyd etsəm, həmişə Krımı da qeyd edirəm. Putin və mənim yaxşı müzakirəmiz oldu. Mən düşünürəm ki, bu çox yaxşı – hər iki tərəf üçün çox yaxşı müzakirə oldu. Mən Almaniyaya gedən qaz kəmərini qeyd etdim”.

Trump Reutres-ə deyib ki, “sanksiyalara – Rusiyanın axsayan iqtisadiyyatına gəlincə isə bu məsələdə Putinin kömək etməyə can atdığı” görünürdü:

"Düşünürəm ki, onlar iqtisadi inkişaf istəyirlər. Bu onlar üçün böyük bir işdir”.

Trump deyib ki, bu görüş zamanı İsrail, İsrailin təhlükəsizliyi, Suriya və Ukrayna barədə çox danışılıb.