ABŞ mediası Ağ Evin Tillerson-u istefaya göndərmək istədiyini yazır

Dövlət katibi Rex Tillerson

ABŞ mediasında yayılan xəbərlərdə deyilir ki, Ağ Ev dövlət katibi Rex Tillerson-u istefaya göndərib onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mike Pompeo-nu gətirmək planını hazırlayıb.

The New York Times qəzeti noyabrın 30-da adminstrasiyanın vəzifəli rəsmisinə istinadən yazıb ki, prezident Donald Trump bu barədə qərarını “yaxın həftələrdə” elan edə bilər.

MKİ-nin direktoru Mike Pompeo Tillersonun yerinə gətirilə bilər

Associated Press, Reuters, Vanity Fair və başqa media qurumları da adları çəkilməyən rəsmilərə istinadən Tillerson-un istefaya göndərilməsi niyyətinin olduğunu xəbər verirlər.

The New York Times xəbərə yalnız bunu əlavə edib ki, Pompeo-nun yerinə Trump-ın müttəfiqi, Arkanzas ştatından respublikaçı senator Tom Cotton gətirilə bilər.

Qəzet yazır ki, bu dəyişikliklərə Trump-ın son qərarını verib-vermədiyi aydın deyil. Belə bir dəyişiklik ABŞ administrasiyasında ciddi kadr silkələnməsi demək olardı.

Senator Tom Cotton-un Mərkəzi Kəşfiyyat İdarəsinə gətiriləcəyi söylənir

Amerika mediası yazır ki, ABŞ prezidenti əvvəllər heç bir diplomatik təcrübəsi olmayan keçmiş ExxonMobil direktoruna etimadını itirib.

Prezident və dövlət katibi bir çox hallarda böyük beynəlxalq məsələlər barədə ictimaiyyət üçün bəyanatlarında bir-birlərini təkzib ediblər.

Tillerson həm də demokratlar və bəzi respublikaçşılar tərəfindən Dövlət Departamentindəkı çoxsaylı vakansiyaları doldurmamaqla ABŞ diplomatiyasını zəiflətmıəkdə günahlandırılır.

Trump-ın güclü dəstəkçisi olan Pompeo Kanzas ştatından üç müddətdə Konqres üzvü seçilib.