Trump Türkiyəyə F-35 satışını qadağan etməsindən məyus olduğunu bildirir

ABŞ prezidenti Donald Trump Rusiyadan havadan müdafiə sistemləri aldığına görə ABŞ-ın Türkiyəyə F-35 qırıcılarını sata bilməməsini kəskin tənqid edib.

İyulun 16-da keçirilən hökumət iclasından əvvəl jurnalistlərin qarşısında çıxış edən Trump Türkiyə üzərinə sanksiyalardan söhbət salmayıb, halbuki Türkiyənin Rusiyadan S-400 raketləri almasından sonra ABŞ bunu hüquqi baxımdan etməyə məcburdur.

Əksinə, Trump Vaşinqtonun Türkiyəyə 100 ədəd F-35 satılması qərarını ləğv etməsini “ədalətsiz” adlandırıb və Barack Obamanı Birləşmiş Ştatların Ankaraya Patriot raketləri satmadığına görə ittiham edib.

Buna da bax: Erdogan: S-400 raketlərinin yerləşdirilməsi 2020-ci ilin aprelinədək başa çatdırılacaq

CNN yazır ki, bu məsələdə Trump bir qədər dəqiqsizliyə yol verib, beləki Türkiyə Patriot raketləri ilə birlikdə bu raket texnologiyasının da ona verilməsini istəyirdi və Obama administrasiyası bu tələblə razılaşmamışdı.

Senatda müdafiə naziri vəzifəsinə təsdiq olunarkən ABŞ ordu naziri Mark Esper demişdi ki, “Türkiyə eyni zamanda həm ABŞ, həm də Rusiya hərbi avadanlığına malik ola bilməz”.

O izah etmişdi ki, əslində Türkiyənin Rusiyadan aldığı S-400, ABŞ-ın F-35 qırıcısının bir sıra qabiliyyətləri üçün təhlükə yaradır.

Rusiya yük təyyarəsi S-400 raketlərini Ankara yaxınlığındakı bazada boşaldır

Dövlət Departamentinin və milli təhlükəsizliyin keçmiş rəsmisi Andrew Weiss deyib ki, Trump-ın tutduğu mövqe onun “öz komandasını nüfuzdan salması” deməkdir.

Carnegie Beynəlxalq Sülh Fondunun vise prezidenti Weiss Twitter-də yazıb ki, Trump bu mövqeyi ilə əslində “həm Erdoğan, həm də Putindən sanki üzrxahlıq edir”.

Trump habelə S-400 raketlərini aldığına görə Türkiyənin F-35 hissələrinin istehsalı ptrosesindən də çıxarılmalı olduğu barədə də heç nə deməyib.

Erdogan iyulun 15-də deyib ki, 8 təyyarə artıq S-400 raketlərinin komponentlərini Türkiyəyə gətirib.

Türkiyə prezidenti deyib: “İnşaallah onlar 2020-ci ilin aprelinədək yerləşdiriləcək”.