Almaniya məhkəməsi çeçen blogerin sağ olduğunu deyir

Tumso Abduraxmanov

Bu ay qətli haqda xəbər yayılan çeçen bloger noyabrda Almaniyada məhkəmədə ifadə verib, həmin məhkəmədə “olan məlumata görə” blogerin sağ olduğu bildirilir.

AzadlıqRadiosu bu məlumatı dekabrın 11-də əldə edib. Daha öncə İsveç Radiosu və Almaniya mediası Tumso Abduraxmanovun sağ olması haqda məlumat yaymışdı. Ötən həftənin əvvəlində isə blogerin öldürülməsi xəbəri yayılıb. Çeçenistan diasporunun tanınmış lideri Anzor Masxadov AzadlıqRadiosuna Abduraxmanovun naməlum şəxslər tərəfindən öldürüldüyünü demişdi.

İsveç Radiosu və Almaniyanın “Augsburger Allgemeine” qəzetinin məlumatına görə, Bavariyada bir məhkəmə Abduraxmanovun qardaşı Məhəmmədin adı keçən işə baxır.

Buna da bax: Kadırovun tənqidçisi olan blogerin öldürülmədiyi deyilir

Sözçünün dedikləri

AzadlıqRadiosunun Tumso Abduraxmanovun vəziyyəti və yeri haqda emailini Münhen Ali Regional Məhkəməsinin sözçüsü Loren Laflör (Laurent Lafleur) belə cavablandırıb ki, bloger noyabrın 8-də şahid kimi ifadə verib və “məhkəmədə olan məlumata görə, dediyiniz şahid sağdır”.

“Məhkəmənin şahidin hazırda harada olması haqda məlumatı yoxdur”, – sözçü əlavə edib, ancaq məhkəmədə gedən proses haqda bilgi verməyib.

Populyar YouTube blogeri Abduraxmanov Çeçenistan lideri Ramzan Kadırovun sərt tənqidçisidir. O, Rusiyadan 2015-ci ildə gedib, daha sonra İsveçdə sığınacaq alıb.

2020-ci ildə bloger evində çəkiclə hücuma məruz qalıb. O, həmin şəxsi tərksilah edərək döyüb, onlayn videoda onun etirafını yayıb.

2021-ci ilin yanvarında isə Çeçenistandan iki rusiyalı həmin iş üzrə, sui-qəsd cəhdinə görə İsveçdə uzunmüddətli həbsə məhkum ediliblər.

Buna da bax: Kadırovun çeçenləri utandırma kampaniyası. ‘Dar şalvarlı, tum çırtlayanlar...’

Ötən həftə yayılan xəbərlər

Bu ayın əvvəlində çeçen diaspora icmaları Abduraxmanovun itkin düşməsi, daha sonra öldürülməsi, qardaşı Məhəmmədin İsveç polisinin qoruması altında olması haqda xəbər yayıb.

Blogerin dekabrın 1-dən 2-nə keçən gecə güllələndiyi bildirilirdi. Amma çeçen separatçılarının mühacirətdə yaşayan sözçüsü dekabrın 9-da dəlil göstərmədən deyib ki, Abduraxmanov “sağdır və İsveç polisinin qoruması altındadır”.

İsveç polisi həm AzadlıqRadiosuna, həm də digər media orqanlarına bu haqda şərh verməkdən imtina edib, qətl, yaxud istintaq xəbərləri haqda məlumatı olmadığını bildirib.

Buna da bax: Kadırovun istefaya getmək fikri yoxdur

İsveç Radiosu dekabrın 9-da bildirib ki, Abduraxmanov qardaşının qətlinə cəhddə ittiham olunan şəxsin işində ifadə verməliydi. Bavariya məhkəməsinin sözçüsü də İsveç Radiosuna Tumso Abduraxmanovun sağ olduğunu deyib.

Almaniyanın “Augsburger Allgemeine” qəzetinin daha öncə yazdığına görə, sözügedən qətlə cəhd işi də Kadırovla əlaqələndirilir. Həmin işdə “Moxmad A”nın adı keçir, “Tumso A.” şahid kimi ifadə verir.