“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı “Turan” İnformasiya Agentliyində vergi yoxlamaları və ona cinayət işinin açılmasını pisləyib.
Bu barədə təşkilatın saytında yerləşdirilən bəyanatda bildirilir.
Bəyanatda vurğulanıb ki, Azərbaycan hökuməti bu ölkədə sonuncu müstəqil KİV olan “Turan” İnformasiya Agentliyinə təzyiq vasitəsi kimi vergi orqanlarından istifadə edir.
Sənəddə bildirilir ki, vergi orqanları agentliyi 37 min manat (16 min avroya yaxın) vergini ödəməməkdə ittiham edib və avqustun 7-də cinayət araşdırmasına başlayıblar.
“Turan” Agentliyi ittihamları rədd edərək Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Buna da bax: Vergilər Nazirliyi 'Turan' agentliyinə cinayət işi açıb
“Bu, Azərbaycanda sonuncu müstəqil KİV-i susdurmaq cəhdindən başqa bir şey deyil”, - təşkilatın Şərqi Avropa və Asiya şöbəsinin rəhbəri Yohan Birr bildirib. Bəyanatda həmçinin oxuyuruq:
“Bu iş agentliyin iqtisadi durumunun pozulmasına yönəlib. Biz hakimiyyəti sonuncu müstəqil KİV-in sistematik təqib edilməsi praktikasına son qoymağa və “Turan”a qarşı təhqiqatları dayandırmağa çağırırıq”.
Sənəddə qeyd olunur ki, ən həssas mövzuları işıqlandırmaqdan çəkinməyən “Turan” Agentliyi peşəkarlığı sayəsində “mühüm informasiya mənbəyi” olaraq qalır.
Bildirilir ki, maliyyə problemləri ilə əlaqədar “Zerkalo”, “Azadlıq” qəzetləri fəaliyyətlərini dayandırıb. AzadlıqRadiosu-nun Bakı ofisi prokurorluğun yoxlaması nəticəsində qapadılıb.
“Sərhədsiz Reportyorlar”ın indeksinə görə, Azərbaycan azadlığın səviyyəsi üzrə 180 ölkə arasında 162-ci yeri tutur.
Vergilər Nazirliyi “Turana” İnformasiya Agentliyini 37 min manat cərimələyib, araşdırmalara başlayıb. Agentlik isə ittihamları qəbul etmir.
“Sərhədsiz Reportyorlar” təşkilatının bu bəyanatına rəsmilərdən, hələ ki, hər hansı münasibət bildirməyiblər. Ancaq Azərbaycan hakimiyyətinin təmsilçiləri müstəqil və müxalif KİV-lərə basqılar edilməsi ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, hər il Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə qəzetlərə yardım edilir. Üstəlik, dövlət iki bina tikilərək evsiz jurnalistlərə oradan mənzil paylayıb. Hərçənd, bəzi jurnalistlər də dövlətin həmkarlarına pulsuz ev verməsini düzgün saymırlar. Onlar deyirlər ki, bu həmin jurnalistləri hökumətdə olan qüvvələrin siyasətindən asılı vəziyyətə salır.