Vergilər Nazirliyi 'Turan'ı 'Trend'lə müqayisə edir

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

Sentyabrın 27-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində «Turan» İnformasiya Agentliyinin Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamentinə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. «Turan» iddiasında adıçəkilən departamentin 7 avqust 2017-ci il tarixli qərarının qanunsuz sayılmasını xahiş edib. Söhbət 2014-2016-cı illərdə əlavə vergi sanksiyalarının hesablanması və növbədənkənar səyyar yoxlama barədə qərardan gedir. Həmin qərarın əsasında agentliyə qarşı vergi ödəməmək ittihamı ilə cinayət işi başlanıb.

«Turan»ın iddiasına hakim Müseyib Bayramov baxır.

Məhkəmədə Vergilər Nazirliyinin həm Lokal Gəlirlər Departamentinin, həm də Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinin nümayəndələri iştirak ediblər. Onlar «Turan»ın iddiasına yazılı etirazlarını təqdim ediblər. Onlar qərarın əsaslı və qanuni olduğunu bildiriblər.

***Buna da bax-'İlham Əliyev 'Azərbaycan Rusiyaya sığınır' fikrini alt-üst etdi' – Şərh

«TREND» MƏNFƏƏTLƏ İŞLƏYİRSƏ...

«Turan»ın nümayəndəsi Fuad Ağayev isə əksinə, sözügedən qərarın əsassız olduğunu deyib:

«Heç bir araşdırma aparmadan, sənədlər alınmadan, tədqiq olunmadan vergi hesablanıb, ertəsi gün də cinayət işi başlanıb. Necə olur, eyni departament əvvəl vergi hesablayır, sonra bu barədə qərarını ləğv edir, üç gün sonra yenə ilkin qərarı bərpa edir?».

Cavabdeh nazirliyin təmsilçiləri yazılı etirazda «Trend» İnformasiya Agentliyinin fəaliyyətinə istinad edib. Göstəriblər ki, əgər «Trend» mənfəətlə işləyibsə, deməli, «Turan»ın da mənfəəti olub.

Fuad Ağayev

F.Ağayev bu cür yanaşmanın qanunsuz və əsassız olduğunu söyləyib:

«Bu cür mövqe qanunvericiliyə uyğun deyil».

Vergilər Nazirliyinin təmsilçiləri bir neçə illik vergi yoxlamasının təyin olunması qərarının məhkəmədə mübahisələndirilməsinin də mümkünsüz olduğunu iddia edib.

«Turan»ın nümayəndəsi isə bildirib ki, elə həmin qərarın özündə yazılıb ki, narazı qalan tərəf məhkəməyə və ya yuxarı instansiyaya şikayət verə bilər.

***Buna da bax-Mehman Əliyev: 'İslahatlara nail olmaq lazımdır'

İKİ İDDİA BİR İCRAATDA BİRLƏŞDİRİLİB

Daha sonra hakim bu iddianın «Turan» agentliyinin oktyabrın 11-də elə 1 saylı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq digər iddiası ilə bir icraatda birləşdirilməsini təklif edib. Həmin iddiada agentlikdə 2010-2016-cı illər üçün vergi yoxlamasının aparılması barədə 16 avqust tarixli qərarın qanunsuz olduğunun tanınması xahiş edilib.

Tərəflər etiraz etməyib, hər iki iddia üzrə məhkəmə oktyabrın 11-nə təyin olunub.

Lokal Gəlirlər Departamenti hələ may ayında 2016-cı ilə görə «Turan» agentliyinə 4 min manat sanksiya təyin etmişdi. Ancaq «Turan»ın inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yuxarı instansiyası iyunun sonlarında bu qərarı ləğv edib. Sonradan avqustun 7-də həmin departament 2016-cı il üçün 9 min manat, 2014-2016-cı illər üçün isə 37 min manat vergi təyin edib və agentliyə qarşı cinayət işi başlayıb.

Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Ancaq sentyabrın 11-də barəsində həbs-qətimkan tədbiri başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri ilə əvəz olunub və o, azadlığa buraxılıb.