Avqustun 28-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Z.Həsənov Azərbaycan prezidentinin tapşırığına əsasən, ordularının Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb və göstərilən dəstəyə görə onlara təşəkkürünü bildirib.
"Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub", - məlumatda yazılıb.
Son illər Azərbaycan rəsmiləri tez-tez bu ölkənin ordusunun Türkiyə ordusunun modelinə keçməsindən bəhs edirlər. Türkiyə Şimali Atlantika Blokunun ( NATO) üzvüdür. Amma Azərbaycan bu bloka üzv olmağı qarşısına məqsəd qoymadığını açıqlayıb.
M.Gürakdan öncə, avqustun 26-da Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycana səfər etdiyi açıqlanmışdı. Onu da ölkə rəsmiləri qəbul edib.