Qərb mediası Türkiyədə milli valyuta lirənin kəskin məzənnədən düşməsi ilə bağlı yaranmaqda olan iqtisadi böhrandan böyük həyəcanla yazır.
Britaniyanın Business Insider saytının məqaləsində başlıqlardan biri “Türkiyə lirəsi çöksə” yox, birbaşa “Türkiyə çöksə” adlandırılıb.
Business Insider yazır ki, “belə bir hadisə heç də mümkünsüz deyil. Türkiyə lirəsi düşür, inflyasiya 15 faizə çatıb və qalxmaqda davam edir. Ölkə iqtisadiyyatı resessiyaya girə bilər. Prezident Erdoğan Amerika keşişini ABŞ-a qaytarmaq istəmir və Vaşinqton Ankara üzərinə iqtisadi sanksiyalar elan edib”.
Lirənin çöküşü bütün region üçün siyasi məsələdir
Məqalədə deyilir ki, Türkiyədə eyni vaxtda bir neçə hadisələr baş verir.
“Türkiyə iqtisadi baxımdan qlobal iqtisadiyyat böhranın yoluxdurucusu kimi mühüm deyil, lakin heç şübhəsiz bu ölkənin strateji və hərbi əhəmiyyəti var”.
Türkiyə demokratik və sülhpərvər Qərblə müharibələr girdabında olan Şərq diktatorları arasında körpüdür.
Business Insider yazır ki, Türkiyə fiziki baxımdan Yaxın Şərq müharibələrinin Yunanıstana keçməsinin qarşısını alan divardır.
Məqalədə Türkiyənin yerini bilməyənlərə xəritəyə nəzər salmaq tövsiyə edilir: Türkiyə Avropa İttifaqı və NATO üzvü olan Yunanıstan və Bolqarıstanla həmsərhəddir.
Türkiyənin başqa 6 sərhəd qonşuları bunlardır – Gürcüstan, İran, İraq, Suriya və Ermənistan, bir də Naxçıvan vasitəsilə Azərbaycan. Bunlardan beşi hazırda birbaşa silahlı münaqişədədir.
Türkiyə fiziki baxımdan İŞİD-in Yunanıstana, oradan Avropa keçməsinə mane olub. O faktiki olaraq Rusiyanın Bolqarıstana qayıtmasına mane olur. Bu ölkə həm də iraqlıların, iranlıların və kürdlərin münaqişələrinin Avropaya yayılmasına imkan vermir.
Business Insider yazarının fikrincə, Türkiyənin Avropada ən böyük orduya malik olmasının əsas səbəbi də budur:
“Bizə Türkiyənin güclü və sabit olması lazımdır”.
“Yeni dostlar” təhlükəsi
Business Insider yazır ki, elə bu səbəbdən də Erdoğanın son vaxtlardakı iki hərəkəti vahimə yaradır.
Bazar günü New York Times qəzetində dərc edilmiş məqaləsində Erdoğan ABŞ-ın iqtisadi hədələrinə acıqlı münasibət bildirib: “Türkiyənin alternativləri var. Bu təktərəflik meylinin dayandırılmaması və hörmətsizlik bizi yeni dostlar və müttəfiqlər axtarmağa vadar edir”.
Məqalədə deyilir ki, ikinci təhlükə Erdoğanın uçot dərəcələrinin dəyişməsini “şər” hesab etməsidir. Onun tam nəzarətində olan Mərkəzi Bank uçot dərəcələrini qaldıra bilmir, halbuki inflyasiyanın cilovlanması, lirənin ucuzlaşmasının yavaşıdılması üçün bu, yeganə yoldur.
Business Insider saytının qənaətinə görə strateji-hərbi baxımdan Erdoğanın “yeni dostlar” axtarması xüsusilə narahatedicidir.
Türkiyə birdən birə İran, Suriya və Rusiya ilə ortaq maraqlara sahib olub. Bu ölkələrin hamısı ABŞ sanksiyalarına hədəfdir.
Business Insider yazır ki, Türkiyədə inflyasiya cilovlanmasa, bir vaxtlar Veymar Respublikasında olduğu kimi hiperinflyasiyaya çevrilə bilər.
Prezident və kürəkəni və yenə də repressiya
Telegraph qəzeti də yazır ki, cənab Erdoğanın Mərkəzi Banka Beynəlxalq Valyuta Fondunun tövsiyəsinə baxmayaraq uçot dərəcəsini artırmamağı tapşırması ölkəni bürüməkdə olan böhranı daha da ağırlaşdırır.
Qəzet qeyd edir ki, “Erdoğan və onun maliyyə naziri olan kürəkəni Berat Albayrak iqtisadi böhrana görə xarici qüvvələri ittiham etməkdə davam edirlər”.
Erdoğan bəyan edir ki, strateji partnyor sayılan ABŞ Türkiyəyə “arxadan zərbə” endirib.
Telegraph yazır ki, prezident böhranı maliyyə alətləri ilə çözməkdənsə, yenidən inzibati cəzalandırma yolunu tutub. O sosial mediada Türkiyə lirəsinin vəziyyəti haqqında “təxribatçı” post yazanların aşkara çıxarılmasına göstəriş verib.
Avqustun 13-də Türkiyənin Daxili İşlər Nazirliyi bildirib ki, “lirə ətrafında neqativ ab-hava yaradan” 346 sosial media hesabı aşkar edilib.
Erdoğan bu istifadəçiləri “xəyanət şəbəkəsi” adlandırıb və onlara “aman verilməyəcəyi” ilə hədələyib.
Telegraph müəllifinin fikrincə, Türkiyə prezidentinin “yeni dostlar” hədəsinə baxmayaraq Ankara çətin ki, qeyri-Qərb ölkələrindən istədiyi dəstəyi ala bilsin.
Qəzet yazır ki, sanksiyalar altında və blokadada olan Rusiya və Qətərin özlərinin yetərincə problemləri var.
Böhran təkcə Türkiyədə deyil, amma ən ağırı Türkiyədədir
Independent isə yazır ki, Türkiyə lirəsinin çöküşü bir sıra inkişaf etməkdə olan ölkələri də təsirləndirib.
Cənubi Afrika randı avqustun 13-də 7 faiz ucuzlaşıb, Hindistan rupisi isə ABŞ dollarına nisbətdə rekord aşağı həddinə düşüb.
Ekspertlər bildirirlər ki, başqa regional ölkələrin də maliyyə vəziyyəti Türkiyədəki vəziyyətə yaxındır. Bu ölkələr xarici valyuta ilə böyük kreditlər götürüblər, amma aktivlərinin böyük bir hissəsi milli valyutadadır.
Ekspertlər deyirlər ki, hazırda Türkiyədə baş verən təbəddülatlar müəyyən mənada təşəkkül tapmaqda olan başqa bazarlarda da yer alır və əslində ABŞ Federal Ehtiyatlarının uçot dərəcəsini qaldırması və dolların kəskin bahalaşması ilə bağlıdır.
Oxford Economics iqtisadi proqnozlar firmasından Evghenia Sleptsova deyib: “Əgər dollar möhkəmliyində qalsa, təşəkkül tapmaqda olan bazarlar təzyiq altında qalacaq. Bizim indekslərimiz göstərir ki, Türkiyə, Argentina, Ukrayna, Cənubi Afrika və Pakistanın vəziyyəti daha kövrəkdir”.
Baş verənlər Avropa banklarının səhmlərini də təsirləndirib. Türkiyəyə böyük kreditlər vermiş bir sıra Avropa bankları defolt riski ilə üzləşib.
İspaniyada və İtaliyada səhm qiymətləri düşüb. Buna baxmayaraq Türkiyədə yaranmış vəziyyət daha acınacaqlıdır.
Bəzi ekspertlər maliyyə böhranının dollarla bağlı obyektiv tərəflərini qəbul etsələr də, bu qənaətdədirlər ki, Erdoğanın maliyyə siyasəti son səkkiz ildə sanki lirənin çökdürülməsinə yönəlib.
Credit Agricole firmasından Guillaume Tresca deyir ki, Türkiyə təcili qaydada özünün iqtisadi biznes planını balanslaşdırmalı və Mərkəzi Banka müstəqillik verilməlidir.
Avropanın ən güclü iqtisadiyyatına sahib Almaniyanın kansleri Angela Merkel avqustun 13-də ümid etdiyini bildirib ki, Türkiyə Mərkəzi Bankının müstəqilliyi təmin olunacaq.