Türkiyə İraq və Suriyadan həyəcanlı xəbərlər alır

Türkiyə-İraq sərhəd məntəqəsi

Reuters agentliyi xəbər verir ki, İraqın şimalında yerləşən yarımmuxtar kürd regionundakı Türkiyə hərbi düşərgəsinə hücum zamanı etirazçılardan biri ölüb, daha 10 nəfər yaralanıb. Dohukdakı düşərgəyə hücum edənlər Türkiyə ordusuna aid iki tankı və başqa maşınları yandırıblar.

Bu ərazidə ən vəzifəli səhiyyə rəsmisi Najib Saeed deyib ki, etirazçının ölümünə nəyin səbəb olduğu hələlik tam aydınlaşdırılmayıb. O deyib ki, türk əsgərlər etirazçılara atəş açıblar və hərbi texnikanın yanması partlayışlara səbəb olub.

Türkiyə bildirir ki, hücumu yerli əhalinin arasına soxulmuş Kürdüstan İşçi Partiyası – PKK-nın üzvləri qızışdırıblar.

Türkiyə prezident administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun deyib: “Biz Dohuk sakinləri ilə yaxın əməkdaşlığımızı saxlamağa çalışırıq və bölgədə mülkilər arasında itki olmaması üçün əlimizdən gələni edirik”.

Reuters yazır ki, Türkiyə İraqın şımalında bazaları olan PKK mövqeləri üzərinə vaxtaşırı hava reydləri keçirir.

“Təxribatçılar”

İraqın şimalındakı Ərbil kürd hökuməti Türkiyə düşərgəsinə hücuma görə “təxribatçıları” ittiham edib. Kürd hökumətinin nümayəndəsi PKK-nın adını çəkməyib. Ərbildəki kürd hökuməti əsasən PKK-ya rəqib Kürd Demokratik Partiyasının üzvlərindən təşkil olunub. Bu hökumət Türkiyə ilə yaxşı işgüzarmünasibətlərə malikdir.

Ərbil hökuməti bildirib ki, sakitliyin bərpa olunması məqsədilə sözü gedən əraziyə qüvvələr göndərib.

Dohuk bölgəsindəki rəsmilərdən biri deyib ki, kütlə bu yaxınlarda Türkiyənin hava reydi nəticəsində dörd dinc sakinin həlak olmasına görə etiraz nümayişi keçirirdi. Həmin rəsmi adının çəkilməsini istəməyib.

Adını açıqlamayan başqa bir kürd rəsmi Reuters-ə bildirib ki, Dohuk şəhərinin şərqində yerləşən Şiladzedəki hərbi düşərgədə türk əsgərlər əvvəlcə etirazçılara atəş açıblar, sonra isə düşərgəni tərk ediblər.

Rəsmi bildirib ki, kürd təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətdə saxlamağa çalışır.

Reuters yazır ki, ötən ay ABŞ qüvvələrinin qonşu Suriyadan çıxarılacağına dair qəfil qərar kürdlər arasında dərin narahatlığa səbəb olub. Onlar narahatdırlar ki, Türkiyə silahlı qüvvələri indi onları hədəfləyəcək.

Türkiyə bildirir ki, Suriya kürdlərinin xalq müdafiə qüvvələri – YPG PKK-nın bir qoludur.

Öz növbəsində Trump xəbərdarlıq edərək bildirib ki, Ankara YPG qüvvələrini hədəfləsə ABŞ Türkiyəni iqtisadi cəhətdən bərbad edəcək.

Suriya hökuməti Türkiyə qoşunlarının çıxarılmasını istəyir

Bu arada yanvarın 26-da Suriya bəyan edib ki, 2011-ci ildən əvvəl Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün imzalanmış Adana razılaşmasını yenidən canlandırmağa hazırdır. Amma bunun üçün Türkiyənin qoşunlarını Suriyadan çəkməsi və antihökumət qiyamçılarına dəstəyi dayandırması lazım gələcək.

Suriya Xarici İşlər Nazirliyinin bəyantında deyilir ki, Dəməşq 1998-ci il Adana müqaviləsinin şərtlərinə sadiq qalır. Bu saziş Dəməşqin PKK-ya sığınacaq verməsini dayandırmışdı.

Bəyanatda bu da qeyd olunur ki, Suriya terrorizmlə mübarizəyə dair iki ölkə arasında əldə edilmiş bütün razılaşmaların öhdəliklərinə əməl etməyə hazırdır.

Reuters yazır ki, lakin Dəməşqin Adana razılaşmasını dirçəltməsi Türkiyənin Suriya prezidentini devirmək istəyən qüvvələrə dəstəyini dayandırmasından asılı olacaq.

Putinin gedişi

Reuters yazır ki, bu məsələni Rusiya prezidenti Vladimir Putin özünün Recep Tayyip Erdoğanla son sammiti zamanı qaldırıb.

Türkiyə Suriyanın şimal-qərbindəki İdlib qəzasında qiyamçıların nəzarətdə saxladığı ərazidə özünə nüfuz dairəsi yarada bilib. Bu bölgədə Türkiyəni ərəb qiyamçılar da dəstəkləyirlər. Türkiyə qoşunları İran və Rusiya ilə əldə olunmuş razılamaya görə bu bölgəyə nəzarət edir.

Qərb diplomatları bildirirlər ki, Putinin Adana sazişini yada salması ABŞ prezidenti Donald Truimp-ın Suriyanın sərhədboyu bölgəsində kürdlər üçün təhlükəsiz zona yaratmaq çağırışlarına qarşı yönəlib.

Suriya Türkiyənin PKK-ya bağlı olduğunu söylədiyi YPG qüvvələrinə dair gələcək siyasətini açıqlamayıb.

YPG münaqişənin gedişində vaxtilə İslam Dövləti ekstremist təşkilatının nəzarətində olmuş bu ərazilərdə - Suriyanın şimalında və şərqində - kürd muxtariyyəti yaradıb. Bu ərazilərdə milyonlarla etnik ərəb yaşayır.

YPG Suriya hökumət rəsmiləri ilə dialoqa daxil olub. Kürdlər onları dəstəkləyən ABŞ qoşunları bölgəni tərk etdikdən sonra regionun muxtariyyətini saxlamağa çalışırlar.

Yanvarın 25-də etdiyi çıxışda Erdoğan Adana razılaşmasından imtina etməyib və əksinə deyib ki, bu saziş Türkiyəyə özü üçün təhlükə hiss etdiyi istənilən vaxt Suriya ərazisinə müdaxilə etmək hüququ verir.