Türkiyədə beynəlxalq mediaya 72 saat vaxt verildi

Deutsche Welle, Amerikanın səsi və Euronews agentliklərinin türkdilli internet saytlarına xəbərdarlıq edilib

Türkiyənin media tənzimləyicisi üç beynəxalq xəbər agentliyindən 72 saat ərzində ölkədə fəaliyyətə icazə verən lisenziya almalı olduqlarına dair xəbərdarlıq verib.

Reuters agentliyinin məlumatına görə fevralın 9-da bu medialara əks halda platformlarına girişin bloklanacağı bildirilib.

Bu barədə məlumatı həmin qurumun üzvlərindən İlhan Taşçı verib.

O Türkiyə Radio və Televizya Ali Şurasının Almaniyanın Deutsche Welle (Alman dalğası), Amerikanın səsi və Euronews agentliklərinin türkdilli internet saytlarına belə bir xəbərdarlığın verilməsini pisləyib:

"Səs çoxluğu ilə qəbul olunmuş qərarda deyilir ki, amerikaninsesi.com, dw.com/tr və tr.euronews.com saytları 72 saat ərzində lisenziya almalıdırlar”.

Buna da bax: AŞPA məruzəçisi: 'Əliyevin bu qanunu imzalaması sürpriz olmayıb'

Medianın 90 faizi dövlətin nəzarətində

Qurumun ali şurasının 9 üzvündən biri olan Taşçı bu qərarın əleyhinə səs verdiyini deyib.

Reuters yazır ki, Türkiyə Radio və Televizya Ali Şurasında hakim Ədalət və İnkişaf Partiyasının mütləq çoxluğu var.

Deutsche Welle radiosunun sözçüsü bildirib ki, şuradan rəsmi yazılı tələb alınanadək bu qərarı şərh edə bilməz.

Türkiyə hökuməti son illərdə sözü gedən şuraya internetə nəzarət səlahiyyəti verəndən bəri beynəlxalq medianın fəaliyyət məkanı daraldılıb.

Hazırda bütün medianın 90 faizi ya dövlət əmklakıdır, ya da hökumətə bağlıdır.

Müxalifətdən milli vəkili olan Taşçı deyib ki, bu addımdan əsas məqsəd media azadlığının hədəflənməsidir:

"Milli mediadan sonra nəzarətə alınmaq və sıxışdırılmaq növbəsi indi də beynəlxalq xəbər saytlarına çatıb. Beləliklə Türkiyədə nəzarətdən kənarda heç bir xəbər qurumu qalmayacaq”.

Qərb müttəfiqləri Türkiyəni 2016-cı ilin baş tutmamış çevriliş cəhdindən fərqli düşüncənin boğulması üçün sui-istifadədə ittiham edirlər.

Hökumət bu ittihamları rədd edir və bildirir ki, görülən tədbirlər ölkənin təhlükəsizliyinə xidmət edir.

Hakimiyyətdə olduğu son iki onillikdə prezident Recep Tayyip Erdoğan onun siyasi xəttini bölüşməyən mediaları hədəfləyib.

Lakin şuranın başqa bir müxalifətçi üzvü Okan Konuralp Twitter-də yazıb ki, “beynəlxalq medianı sıxışdırmaq üçün edilən bu cəhd də iflasa məhkumdur”.