Erdoğanın ən ağır məğlubiyyəti – seçkiyə Bakıdan reaksiyalar

Türkiyə, 23 iyun 2019 (Reuters)

“Bu seçkilərin nəticələri prezident Recep Tayyip Erdoğanın, Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu son 17 ildə ilk ağır məğlubiyyətdir. Şübhəsiz ki, bu siyasi məğlubiyyətin Türkiyə siyasəti və iqtidarı üçün bəzi sonucları olacaq”,

– azərbaycanlı politoloq Şahin Cəfərli iyunun 23-də Türkiyənin ən böyük şəhəri İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən deyir.

Onun sözlərinə görə, bu qələbədən sonra cəmi bir il öncə ölkədə tətbiq edilməyə başlanan prezident üsul-idarəsinin ləğvi, parlament idarəçiliyinin yenidən gətirilməsi belə mümkündür. Politoloq artıq bunun ilkin işartılarının olduğunu, hakim partiya daxilində narazı qüvvələrin, keçmiş nazirlərin, deputatların, partiya rəhbərliyində təmsil olunmayan şəxslərin bu məsələni qaldırdıqlarını söyləyir:

“Onlar hesab edir ki, Türkiyə daha mükəmməl parlament üsul-idarəsinə qayıtmalıdır. Eyni zamanda məhkəmələrin müstəqilliyi, media azadlığı bərpa edilməlidir. Yəni ölkənin gəldiyi nöqtədən narazılıq təkcə müxalif çevrələrdə yox, AKP-nin içərisində də müşahidə edilir. Və bunun şübhəsiz sonrakı proseslərə təsiri olacaq. Keçmiş xarici işlər naziri Ahmet Davutoğlu, keçmiş iqtisadiyyat naziri, baş nazirin müavini Ali Babacan bir müddətdir yeni partiya qurmaq haqqında danışmağa başlayıblar. Erdoğanın İstanbuldakı məğlubiyyəti yeni partiyaların formalaşmasına yeni bir yol açdı, bir növ sosial sifariş oldu. Eyni vaxtda iki mühafizəkar partiyanın yaranması AKP-nin bölünməsinə, ordan qopmalara səbəb olacaq”.

Şahin Cəfərli

​Hərçənd Şahin Cəfərli prezident Erdoğanın mərkəzdənqaçma meyllərini dayandırmağa çalışacağını istisna etmir. Amma o, AKP-nin bütövlüyünü qorumasının çətin olacağını bildirir. Politoloq partiya yaratmaq niyyətində olan keçmiş nazirlərin yenidən yüksək dövlət vəzifələrinə dəvət ediləcəyini gözləyir. Şahin Cəfərlinin fikrincə, bu durumda Davutoğlu və ya Babacan Erdoğanın təkliflərini qəbul etsələr belə ciddi islahatların getməsini, parlament sisteminə qayıtmağı tələb edəcəklər. Ahmet Davutoğlu bir qədər öncə manifestində bu haqda açıq yazmışdı:

“Bu tələblərin yerinə yetirilməsi Erdoğanın qeyri-məhdud hakimiyyətinin məhdudlaşmasına səbəb olacaq. Erdoğan bununla razılaşarmı? Açığı, çətin sualdır. O, hansı tərəfə addım atsa, məğlubiyyətə uğrayacaq. Erdoğan siyasi karyerasının ən mürəkkəb dövrünü yaşayır”.

AZƏR RƏŞİDOĞLU: ERDOĞAN İMAMOĞLUNUN QƏLƏBƏSİNİ QƏBUL ETMƏSƏYDİ..."

“Bu seçki sübut etdi ki, Türkiyədə seçkilər, demokratik təsisatlar, vətəndaş cəmiyyəti məhv edilməyib və bu seçkilər demokratiyanın qələbəsi adlandırıla bilər”, – siyasi şərhçi Azər Rəşidoğlu deyir.

“İmamoğluna verilən səslərin artması onu göstərdi ki, türk cəmiyyəti seçkiyə müdaxilədən narazıdır və istənilən halda o, haqqı pozulanın yanındadır. Güman edirəm ki, Erdoğan İmamoğlunun başqanlığını bu dəfə də qəbul etməsəydi, çox ciddi sanksiyalarla üzləşə, ölkəni etiraz aksiyaları bürüyə bilərdi. O, İmamoğlunun qələbəsini tanımaqla hakimiyyətə qarşı həm xarici, həm də daxildən ola biləcək təzyiqləri azaltdı”.

Azər Rəşidoğlu

​Azər Rəşidoğlu da bu seçkilərdən sonra AKP daxilində Erdoğandan olan narazılıqların artacağını, vaxtilə AKP-də olub, siyasətdən çəkilmiş siyasətçilərin partiya qurmaq planlarını reallaşdıracaqlarını proqnozlaşdırır. Siyasi şərhçinin sözlərinə görə, proseslərin necə yekunlaşacağı ABŞ prezidenti Donald Trump-ın Ankaraya təzyiqlərinin miqyasından asılı olacaq:

“Türkiyə Rusiyadan raket əleyhinə qurğular almaqda israrlı olacaqsa, bu da yeni təzyiqlərlə nəticələnəcək. İstənilən halda Türkiyə seçimini etməlidir. Son seçkilər də göstərdi ki, Erdoğanın ölkə daxilində nüfuzu düşüb, uzun zaman insanları ictimai rəylə manipulyasiya etmək alınmayacaq. ABŞ-Türkiyə gərginliyi də ölkə daxilindəki proseslərə təsirini göstərəcək. Vaşinqton təzyiqləri davam etdirəcəksə, Erdoğanın nüfuzu bir az da aşağı düşəcək və narazılıq artacaq”.

"İSTANBUL SEÇKİLƏRİNİN LƏĞVİ MİLLİ İRADƏYƏ QARŞI ÇEVRİLİŞ İDİ VƏ BUNA GÖRƏ ONA "DUR" DEDİLƏR"

Köşə yazarı Elnur Astanbəylinin fikrincə, son seçkilər bəzi proqnozlara baxmayaraq Türkiyədə demokratiyanın gücünü göstərmiş oldu:

“Mənə elə gəlir ki, Ekrem İmamoğlunun şəxsi profilindən başqa Cümhuriyyət Xalq Partiyasının profili çox ciddi rol oynadı. Kemal Kılıçdaroğlunun CHP-nin başına gəlməsindən sonra partiya bir xeyli dəyişikliyə getmişdi. Özünün bəlli 20-22 faizlik sol elektoratından sağa doğru meyllənməyə başlamışdı. Bu, doğru strategiya idi, Türkiyədə hökumətə koalisiya ortağı olmaq üçün vacib idi. Ekrem İmamoğlunun profili ilə partiyanın profili birləşdiktən sonra belə pozitiv nəticə ortaya çıxdı”.

Elnur Astanbəyli

​Elnur Astanbəylinin sözlərinə görə, bu qələbənin daha bir “önəmli” səbəbi artıq Türkiyə cəmiyyətinin Erdoğanın “basqıçı, qaraqışqırıqçı, təhdidkar siyasətindən yorulmasıdır”:

“Erdoğan son 7-8 ildə “hər şeyin düzünü mən bilirəm, hər şeyin yaxşısını mən edərəm, hamıdan ağıllıyam” kimi totalitar bir davranış sərgiləyirdi. İstanbul seçkilərinin ləğvi isə milli iradəyə qarşı çevriliş idi və buna görə ona “dur” dedilər. Onun seçkilərə əl bulaması demokratik impulsları hərəkətə keçirdi və elə nəticə ortaya çıxdı ki, bundan sonra deyil bir Erdoğan, min Erdoğan seçkidə qazanılmış qələbəni saxtakarlıqla, təhdidlə, hoqqayla ləğv etməyə cəsarət etməyəcək”.

23 iyun seçkisində Ekrem Imamoglu səslərin 54, hakim partiyanın namizədi, keçmiş baş nazir Binali Yildirim isə 45 faizini yığıb.