'Bir azərbaycanlı kimi Türkiyədə özümə təhlükə hiss etmirəm'

Bosfor körpüsündə polis.

Amerika Birləşmiş Ştatları son aylar bir neçə dəfə vətəndaşlarına Türkiyəyə getməmək xəbərdarlığı edib. Xəbərdarlıqda deyilir ki, Türkiyədəki böyük kinoteatrlara, turist mərkəzlərinə, alış-veriş, ibadət yerlərinə və nəqliyyat şəbəkələrinə hücumlar ola bilər. ABŞ səfirlik və konsulluq əməkdaşlarına ailələrini Türkiyədən çıxarmaq çağırışı da edib.

İstanbul, Ankara da daxil olmaqla, Türkiyənin iri şəhərlərində Azərbaycan vətəndaşları da yaşayır, təhsil alır, səyahət edirlər. Bəs, Azərbaycan vətəndaşlarının Türkiyədə təhlükəsizliklə bağlı hansı qayğıları var?

«BƏLKƏ HƏMİN ANLARI YAŞAMAMIŞAM, ONA GÖRƏ BELƏ DANIŞIRAM»

Bir ildir İstanbulda özəl şirkətlərdən birində çalışan azərbaycanlı Gülər Əliyeva deyir ki, ümumi narahatlıq olsa da, o, özünü təhlükədə hiss etmir: «Burdakı hadisələrdən hamı bilgilidir. Təhlükəli anlar da olur. Ancaq mən burda bir azərbaycanlı kimi özümə hər hansı təhlükə hiss eləmirəm. İctimai nəqliyyatdan da yararlanıram. Heç vaxt «can güvənliyim yoxdur» deyə bir əndişə keçirməmişəm. Təbii ki, bəzi hadisələr olur. Ancaq təhlükəsizlik orqanları anında müdaxilə edir. Polis həmin an işə başlayır, ciddi yoxlamalar keçirilir. İstanbulda son terror hadisəsi vaxtı da belə olmuşdu. Bəlkə həmin anları yaşamamışam, bomba yanımda partlamayıb, ona görə belə danışıram. Hər halda, insanların təhlükəsizliyini qorumaqdan ötrü dövlət tədbirlər görür».

Sizin brauzer HTML5-i dəstəkləmir

Gülər Əliyeva: 'İctimai nəqliyyatdan da yararlanıram. Heç vaxt can güvənliyim yoxdur deyə əndişə keçirməmişəm'

«HƏM DƏ O ÖLKƏYƏ SİYASİ MÜNASİBƏT DƏ VACİB ROL OYNAYIR»

Türkiyə üzrə ekspert Araz Aslanlı deyir ki, özəlliklə, ABŞ-dakı 11 Sentyabr hadisələrindən sonra heç kim terrordan sığortalanmayıb. Ancaq Türkiyədə həm sərhədlərin qorunması çətindir, həm də təhlükəsizlik riskləri yüksəkdir. Ekspert ABŞ-ın son vaxtlar vətəndaşlarına bəzi xəbərdarlıqlarından sonra Türkiyədə terror hadisələrinin baş verdiyini yada salır:

İstanbulda Taksim meydanı.

«ABŞ üçün xəbərdarlıq ənənəvidir. Dünyanın bir neçə ölkəsi var ki, səyahətlərlə bağlı vətəndaşlarına mütəmadi xəbərdarlıqlar edir. Amma Türkiyənin özü, Azərbaycan, Rusiya təsadüfi hallarda öz vətəndaşlarına bu cür müraciətlər edirlər. Bu o zaman edilir ki, ölkədə ya vətəndaş müharibəsi var, ya da terror gündəlik həyatın bir parçasına çevrilir. Həm də o ölkəyə siyasi münasibət də rol oynayır. Bəzən bir ölkədə təhlükəsizlik riskləri olsa da, o biri ölkə onunla münasibətləri yaxşı səviyyədə saxlamaq istəyir. Ona görə bu cür rəsmi xəbərdarlıqlar etmir. Çünki dövlət adından çağırış həm təhlükəsizlik risklərinin böyüklüyünü, həm də ikitərəfli münasibətlərin səviyyəsini göstərir. Türkiyəylə münasibətlərinin inkişaf tempinə baxsaq, Azərbaycanın vətəndaşlarına oxşar çağırış etməməsi normaldır».

Sizin brauzer HTML5-i dəstəkləmir

Araz Aslanlı: '10 il öncəylə müqayisədə Türkiyədə risklər artsa da, hazırda durum ilin əvvəlindən daha təhlükəsizdir'

RİSK VAR, AMMA...

Ekspertin fikrincə, 10 il öncəylə müqayisədə Türkiyədə risklər artsa da, hazırda durum 2016-cı ilin əvvəlindən daha təhlükəsizdir: «Türkiyədə uzun müddət yaşamış və vaxtaşırı ora gedib-gələn adam kimi deyirəm ki, bu ilin martında, Novruz bayramı ərəfəsində Ankaradakı atmosferi indiyədək heç vaxt görməmişdim. Çox ciddi narahatlıq var idi. Hətta Türkiyəyə səfəri olan bir çox xaricilər kimi nə qədər azərbaycanlı da səfərlərini ertələmişdi. Demək olmaz ki, indi risk yoxdur, ya da hər şey qaydasındadır. Yox, elə deyil. Bu, indi Türkiyənin təhlükəsizlik sistemindəki kadr dəyişikliyi ilə bağlıdır, çünki dünyanın hansı ölkəsində olsa, bu, ciddi təhlükəsizlik riski yaradır. Həm də Türkiyə iki böyük terror təşkilatının – İŞİD («İslam Dövləti» silahlı qruplaşması) və PKK-nın (Kürd Fəhlə Partiyası) açıq hədəfindədir. Sərhədlərində qeyri-sabit bölgələr var. Türkiyənin üzləşdiyi risklər ciddidir. Sadəcə, indiki dövr 4 ay öncəylə müqayisədə daha riskli deyil».

Sizin brauzer HTML5-i dəstəkləmir

İbrahim Nəbioğlu: 'Bu gün daha təhlükəli və ön plana çıxmış İŞİD və FETÖ da var'

İstanbulda terror - 6 oktyabr 2016

«DİPLOMATİK MİSSİYALAR ÇARƏSİZLİK İÇİNDƏDİR»

2003-2006-cı illərdə Azərbaycanın İstanbulda baş konsulu işləmiş İbrahim Nəbioğlu isə düşünür ki, diplomatik missiyaların əlindən vətəndaşlarına çağırış etməkdən başqa bir şey gəlmir: «Əgər Abdullah Öcalan-ın həbsinədək, 1999-cu ilə qədər Türkiyədə, sadəcə, PKK terroru problemi vardısa, bu gün daha təhlükəli və ön plana çıxmış İŞİD və FETÖ da var. 1999-cu ilə qədər hansısa terror hadisəsi zamanı ağla ilk gələn PKK olurdu. Ancaq indi bir hadisə baş verəndə, kəşfiyyat, polis təşkilatları günlərlə baş sındırılar ki, bunu kim törədib – PKK, İŞİD, yoxsa FETÖ? Türkiyə bu gün, ən azı, üç cəbhədə mübarizə aparır. Son bir il, hətta yarım il ərzində terror qurbanlarının sayına baxanda, onun miqyasının böyüklüyünü görməmək mümkün deyil... Bu cür hadisələrdə vətəndaşları hansısa şəkildə qorumaq mümkün deyil. Amerika və digər Qərb dövlətləri işin ən asanına qaçırlar. Deyirlər ki, bu ölkəni tərk edin. Çünki əks halda, burdakı vətəndaşlarının can güvənliyini, təhlükəsizliyini təmin eləyə bilmirlər. Bu baxımdan, Azərbaycan dövləti də təhlükəni hiss eləyəndə, rəsmi kəşfiyyatdan bir xəbər gələndə, deyə bilər ki, alış-veriş mərkəzlərinə, insanların çox toplaşdığı yerlərə getməyin. Onsuz da həm rəsmi yerli orqanlar, həm də diplomatik missiyalar çarəsizlik içindədir».

HƏR HANSI XƏBƏRDARLIQ OLUNMAYIB

Türkiyədə Azərbaycan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı diplomatik nümayəndəliklər hansı tədbirlər görür? AzadlıqRadiosu əməkdaşının bir neçə gün ərzində Azərbaycanın İstanbuldakı baş konsulluğuna etdiyi telefon zənglərinə cavab verən tapılmadı. Ankaradakı səfirliyin mətbuat xidmətinin rəhbəri Elbəy Əliyev bu suala Xarici İşlər Nazirliyinin (XİN) cavab verməli olduğunu söyləyib. Amma AzadlıqRadiosunun XİN-ə zəngləri də cavabsız qalıb.

XİN bu günlərdə nə Türkiyədə yaşayan, nə də Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarına təhlükəsizliklə bağlı hər hansı xəbərdarlıq edib. Qurum yalnız iyulun 15-də Türkiyədə 300-ə yaxın adamın ölümü ilə nəticələnmiş dövlət çevrilişi cəhdindən sonra narahatlığını bildirib, Türkiyə dövlətinin yanında olmasıyla bağlı bəyanat vermişdi. Ancaq onda da Azərbaycan vətəndaşlarına bu ölkədəki təhlükəsizlik riskləri ilə bağlı hər hansı çağırış olunmamışdı.