Türkiyədə Ərdoğan barədə tənqidi şərhinə görə bir qadın həbs edilib

Türkiyənin İzmir şəhərində məhkəmə küçədə keçirilən videosorğuda hakimiyyəti Instagram-ın bloklanmasına görə tənqid edən qadının həbsinə qərar verib.

Deutsche Welle xəbər verir ki, Dilruba adlı qadın “prezidenti təhqir etməkdə” və “cəmiyyət arasında nifrət və düşmənçiliyi qızışdırmaqda” ittiham olunur.

Xəbərdə deyilir ki, qadın YouTube kanallarından birinə şərhdə bunları bildirib:

“Siz hamınız beyinləri yuyulmuş axmaqsınız, çünki bütün hüquq və azadlıqlarınızı Allahdan böyük hesab etdiyiniz bir nəfərə vermisiniz”.

Instagram Türkiyədə avqustun 2-də bloklanmış və bu, adi istifadəçilərin və kiçik bizneslərin hiddətinə səbəb olmuşdu.

Bundan 9 gün sonra hakimiyyət Instagram platformasının blokunu açıb. İnfrastruktur naziri Abdulkadir Uraloğlunun məlumatına görə bu addım Instagram nümayəndələri Türkiyə hökumətinin tələblərini qəbul edəndən sonra atılıb.

Ankaranın tələblərinə görə Instagram Türkiyə qanunvericiliyinin, senzura da daxil tələblərini yerinə yetirməlidir.

Buna da bax: Əli Kərimliyə 6 ay həbs istənilir

Həbsi pisləyiblər

Bu da xəbər verilir ki, bir çox tanınmış şəxslər, siyasətçilər və ictimai xadimlər qadının həbsi ilə bağlı qərarı pisləyiblər.

İzmir şəhərinin vəkillər kollegiyası “adamların qorxudulması və susdurulması məqsədilə qanunsuz həbslərin dayandırılmasına” çağırıb.

Ana Vətən partiyasının sədri Muharrem İnci bəyan edib ki, “əgər küçədə müsahibə verənləri dövlətin gücü ilə qorxudurlarsa, deməli o hakimiyyətin sonu çatıb”.

Türkiyə mediası qeyd edir ki, İzmir məhkəməsinin qərarından az əvvəl Türkiyə Radio və Televiziya Yayınları Yüksək Şurasının sədri Ebubekir Şahin sosial şəbəkələrdə yayılan küçə sorğularının guya ictimai rəyi manipulyasiya etməsini iddia etmişdi.

Küçə sorğusunda iştirak etdiyinə görə 2024-cü ilin aprelində Rusiyada Moskva sakini Yuri Koxovetsə 5 il iş kəsilmişdi. O Rusiya ordusu barədə “feyklər” yaymaqda ittiham olunurdu.

Koxovets 2022-ci ilin yayında AzadlıqRadiosunun küçə sorğusu zamanı demişdi ki, Rusiya Ukrayna müharibəsinə görə məsuliyyət daşıyır və Rusiya rəhbərliyi bu müharibəni dayandırmalıdır.

O habelə qeyd etmişdi ki, “Rusiya Ukraynada ticarət mərkəzlərinə raket zərbələri endirir, Buçada dinc əhali qətliam olunub və hərbçilər ümumiyyətlə dinc sakinləri heç bir səbəb olmadan güllələyiblər".