Türkmənistanda ata-ananın heyfini baladan çıxacaqlar

Moskva - orta asiyalı miqrantlar (Arxiv)

Türkmənistanda valideynləri xaricdə çalışan uşaqların hüquqlarını məhdudlaşdıracaqlar.

Azadlıq Radiosunun türkmən xidməti yazır ki, hökumət bu yolla xaricdəki vətəndaşlarının geri qayıtmasına nail olmaq istəyir.

Əmək və Sosial Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı Azadlıq Radiosuna deyib ki, məhdudiyyətlər həm xaricdə valideynlərinin yanında olan uşaqlara, həm də Türkmənistanda qalmış uşaqlara aid ediləcək.

Məmurun dediyinə görə, bir çox türkmənlər Rusiyada ailə qurub Türkmənistandakı arvad-uşaqlarını atırlar. Bəziləri isə Rusiyada yeni ailə qurmasalar da, ölkələrinə uzun illər dönmürlər və ailə-uşaqlarını çətin vəziyyətdə qoyurlar.

May ayında elan ediləcəyi gözlənilən yeni məhdudiyyətlər xarici ölkələrdə doğulan türkmən uşaqlara 18 yaşı çatanda pasport verilməsini çətinləşdirəcək. Uşağına pasport almaq istəyənlər Türkmənistana qayıtmalı olacaqlar.

Məmurun bildirdiyinə görə, valideynləri xarici ölkələrə işləməyə getmiş uşaqların sayı həddindən artıq çoxdur. Xeyli sayda türkmən qadın var ki, Türkmənistanda ailəsi-uşağı ola-ola xaricdə başqa kişilərlə ailə qururlar, yaxud başqa kişilərlə yaşayırlar".

Hökumət həm də uşaqlarını Türkmənistanda qoyub uzun müddət ölkəyə qayıtmayan valideynləri bütün imtiyazlardan məhrum edəcək.

Məsələn, onların uşaqları üçün tibbi xidmət pullu olacaq. Onlar üçün uşaq bağçasının qiyməti başqalarından 2-3 dəfə baha olacaq. Hökumətdən "uşaq pulu" almayacaqlar. Uşaqlarını pullu gimnaziyalarda oxutdurmalı olacaqlar.

Buna da bax: Amerikanın başını ucaltmış məşhur miqrantlar

Sizin brauzer HTML5-i dəstəkləmir

Amerikanın başını ucaltmış məşhur miqrantlar

Hökumət ümid edir ki, bu məhdudiyyətlər elan olunandan sonra türkmənlər pul qazanmaq üçün xaricə üz tutmamışdan qabaq hər şeyi "yüz ölçüb bir biçəcəklər".

Bundan başqa "xaricdəki miqrantlar qayıdıb öz ölkələrinin iqtisadiyyatına töhfə verəcəklər".

Hökuməti narahat edən həm də odur ki, xaricdə işləməyə gedən gənc qızlar ailə qurub həmin ölkələrdə qalırlar.

Türkiyədə çalışan türkmən miqrantlar Azadlıq Radiosuna deyiblər ki, yeni məhdudiyyətlər onları çox narahat edir, amma Türkmənistandakı iqtisadi böhran və işsizlik onların Vətənə qayıtmasını mümkünsüz edir.

Bundan başqa bu yaxınlarda Aşqabad aeroportunda Türkiyəyə uçan vətəndaşların təyyarəyə minməsinə heç bir səbəb göstərilmədən imkan verilməmişdi.

Belə məhdudiyyətlərə görə bəzi türkmənlər iş sorağında Qazaxıstan, Özbəkistan və Azərbaycana üz tuturlar.

Buna da bax: Türkiyəyə qaça bilməyən türkmənlər Azərbaycana gəlirlər…