'İnsanlar toplanmasın' deyə, Aşqabadda binaların həyətindən skamyalar götürülür

Aşqabadda bina həyəti

Aşqabadda sovet dövründən qalma bir çox yaşayış binalarının həyətində quraşdırılmış köhnə taxta skamyalar qonşuların söhbət etmək və ya təmiz hava almaq üçün toplaşdıqları ənənəvi yerlərdir.

Amma Aşqabad hakimiyyəti yerli sakinləri ünsiyyət üçün ən populyar yerlərdən birindən məhrum edərək skamyaları sökür.

Aşqabadın bir sıra rayonlarının sakinləri AzadlıqRadiosunun türkmən xidmətinə bildiriblər ki, bələdiyyə işçiləri son vaxtlar həyətlərindəki skamyaları sökməyə və yük maşınlarına mindirib çıxarmağa başlayıblar.

Hüquq və azadlıqların ciddi şəkildə məhdudlaşdırıldığı, ciddi nəzarət altında olan Mərkəzi Asiya dövlətinin hakimiyyət orqanları heç bir izahat təqdim etməyib. Rəsmilər AzadlıqRadiosunun şərh sorğusuna cavab verməyiblər.

Amma adının çəkilməsini istəməyən bələdiyyə müəssisəsinin əməkdaşı deyib ki, skamyaların sökülməsinin səbəblərindən biri insanların toplaşmasının qarşısını almaq istəyidir.

"Yaşayış həyətləri adətən qonşuların yığışıb bir-biri ilə danışdıqları yerdir. Bizə tapşırılıb ki, skamyaları yığışdıraq ki, insanlar oturmasınlar və bir yerə cəmləşməsinlər", - fəhlə bildirib.

Adının çəkilməsini istəməyən başqa bir bələdiyyə işçisi bu addımın şəhərin görkəmini yaxşılaşdırmaq məqsədi daşıdığını bildirib.

Aşqabad

Həyətdəki skamyaların sökülməsi qərarı sakinlər arasında sakit hiddətə səbəb olur.

Adının açıqlanmasını istəməyən sakin AzadlıqRadiosuna deyir: "Hakimiyyət insanlar üzərində nəzarəti gücləndirir və insanların bir araya gəlməsinin qarşısını almaq istəyir".

Bir milyondan çox əhalisi olan Aşqabadın bir çox sakini yerli əhalinin "mikrorayon" adlandırdığı sovet dövründən qalan evlərdə yaşayır.

Polis söhbətləri dinləyir

Türkmənistan hökuməti son 20 ildə qaz ixracından əldə edilən milyonlarla dolları mərmərlə örtülmüş ictimai və ticarət binalarının, abidələrin və yaşayış komplekslərinin tikintisinə xərcləyib.

Amma yeni dəbdəbəli yaşayış massivləri, əsasən, yüksək vəzifəli məmurlar və imkanlı şəxslər üçün nəzərdə tutulub. Onlar yoxsulluq və işsizliklə mübarizə aparan əksər adi vətəndaşlar üçün əlçatmazdır.

Aşqabaddakı avtoritar hakimiyyət müxalif fikirlərə dözmür və böyük izdihamdan ehtiyatlanır.

Şahidlərin sözlərinə görə, yanvarın sonlarında bir qrup şəxs Aşqabadda aptek qarşısında növbəyə duran zaman polis Türkmənistanda artan iqtisadi problemlərdən başqalarına şikayət edən şəxsi saxlayıb.

"Həmin adam həmçinin dedi ki, hakimiyyət insanların problemləri ilə maraqlanmır", - adının açıqlanmasını istəməyən şahid danışır. O əlavə edib ki, görünür, aptek yaxınlığında söhbəti yoldan ötən eşidib və polisə xəbər verib.

2019-cu ildə ciddi nağd pul qıtlığının yaşandığı Türkmənistanda mülki geyimli polislərin banklarda və bankomatlarda uzun növbələrdə insanların söhbətlərini dinləmələri barədə məlumatlar yayılmışdı.

Gizli polis əməkdaşlarının ərzaq qıtlığının davam etdiyi bir ölkədə subsidiyalaşdırılmış qida üçün dövlət mağazalarının qarşısında növbə tutan insanları izlədiyi bildirilirdi.