Türkmənistanda TV-də seks göstərilməyəcək

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezident nazirlərə güllə atmağını göstərir

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov filmlərdə və televiziya proqramlarında seks, zorakılıq və zərərli vərdişlərin nümayişini yasaqlayan qanun imzalayıb. Rəsmi məlumatlara görə, prezident Berdiməhəmmədov Türkmənistanın «Televiziya və radioyayım haqqında» qanununa ötən həftə imza atıb. Qanunda həmçinin, ölkənin müsbət imicinin yaradılmasına çağırış var.

Yeni qanunun maddələrindən birində «yetkinlik yaşına çatmamış şəxslərin fiziki, əqli və ya mənəvi inkişafına mənfi təsir göstərən ictimai məlumatlardan müdafiəsinin təmin edilməsi» məsələsi vurğulanır. Bura xüsusilə də pornoqrafik, seksual-erotik və (və ya) zorakılıq xarakterli, habelə zərərli vərdişlərə təşviq edən məlumatlar aiddir. Bundan başqa, qanunun 44-cü maddəsində belə materialların yasaqlanmasının milli maraqların təminatı naminə vacibliyi vurğulanır.

«Zərərli vərdiş» nədir?

Türkmənistanda yerli KİV-lərin bütün növləri, xüsusən də TV kanalları dövlətə məxsusdur və onun çox ciddi nəzarəti altında fəaliyyət göstərir. Hətta kabel televiziyası kanallarının göstərdiyi kontent belə, ciddi senzuraya məruz qalır. Göstərilən filmlərin senzorların xoşuna gəlməyən hissələri kəsilir. Dövlət senzurasından yan keçməyin yeganə yolu peyk televiziyası idi, o da adi vətəndaşlar üçün əlçatmazdır. Türkmənistan hökuməti artıq çoxdandır bütün ölkədə peyk boşqabları ilə mübarizə aparır. Azadlıq Radiosunun türkmən xidmətinin əməkdaşları deyirlər ki, bu gün yalnız ölkənin ucqar kəndlərində tək-tük parabolik antenalara rast gəlmək olur. Hökumət senzurasının əli, hələlik, bəzi ucqar ərazilərə çatmayıb. Yeni qanunda kabel və peyk televiziyalarının tərifi verilib.

Bundan başqa, yeni qanunda «zərərli vərdişlər» dedikdə, nəyin nəzərdə tutulduğu dəqiq göstərilməyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezidentin yazdığı kitabı öpürlər

Türkmənistan kanallarının məzmunu, əsasən, prezidenti və onun «möhtəşəmlik və xoşbəxtlik» dövrü kimi qələmə verilən idarəçiliyini mədh edən proqramlardan ibarətdir. Dövlət kanalları arasında paylanmış xüsusi proqramlarda ya diktorlar prezidentin yazdığı kitabları ucadan oxuyur, ya da Arkadaq idman maşınlarında şütüyür. Hələlik, Berdiməhəmmədovun avtomat silahdan atəş açması və bıçaq atmasını göstərən reportajların zorakılıq xarakterli, yaxud zərərli vərdişlər təbliğ edən material olub-olmaması haqda bir söz deyilmir.

Televiziya və radioyaym haqqında yeni qanunda Türkmənistanın nüfuzunu və müsbət imicini gücləndirən televiziya və radio proqramların hazırlanmasına çağırış edilir. Ancaq məmurların prezidentə baş əyməkdən ötrü sıraya düzüldüyü, az qala, onun əlini öpdüyü görüntülərin ölkənin nüfuzunu artırıb-artırmayacağı sual altında qalır.

Ölkədə müstəqil qəzet çıxmır

Qanunda həmçinin iddia olunur ki, «teleradioyayım sahəsində dövlət siyasəti kütləvi informasiya vasitələrinin azadlığı, senzuranın və KİV-lərin fəaliyyətinə müdaxilənin yolverilməzliyi prinsiplərinə əsaslanır». Buna baxmayaraq, yeni qanunun qəbulundan sonra Türkmənistan televiziyasının senzuradan azad olacağını düşünməyə heç bir əsas yoxdur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..

Ötən ilin sentyabrında keçirilən Asiya Oyunları zamanı əksər xarici jurnalistlərin akkreditasiya müraciəti son anda rədd edilib.

2006-cı ildə hakimiyyətə gələn Berdiməhəmmədov ölkədə müstəqil qəzetlərin buraxılmasına şərait yaradacağını vəd etsə də, bu, heç vaxt gerçəkləşməyib. Hazırda Türkmənistanda yeganə müstəqil informasiya mənbəyi Praqadan türkmən dilində yayımlanan AzadlıqRadiosudur. Radionun reportyorları hökumətin davamlı təzyiqlərinə məruz qalırlar.

Türkmənistanda beynəlxalq insan hüquqları təşkilatları və xəbər agentliklərinin saytları tez-tez bloklanır. Ölkə sakinlərinin çoxunun beynəlxalq internet şəbəkəsinə çıxışı yoxdur. Əksəriyyət «Turkmenet» - internetin senzuraya məruz qalmış şəkli ilə kifayətlənməli olur. Ancaq yerli sakinlər VPN - virtual özəl şəbəkələr vasitəsilə bu maneəni aşa bilirlər.

Türkmənistan dünya söz və mətbuat azadlığı reytinqlərində sonuncu mövqeləri tutur. «Sərhədsiz reportyorlar» təşkilatının sonuncu hesabatında Türkmənistan mətbuat azadlığı sahəsində 180 ölkə arasında 178-ci yerdədir. Hesabatda bu ölkədə mətbuat azadlığının boğulması «get-gedə böyüyən qara dəliyə» bənzədilir. Siyahıda ondan sonrakı iki mövqedə Eritreya və Şimali Koreya dayanır.