Bakı Apellyasiya Məhkəməsi avqustun 18-də NİDA Gənclər Hərəkatının üzvü Elgiz Qəhrəmanın həbsindən verilən şikayəti rədd edib. Şikayət gənc fəalın 4 aylıq həbs edilməsini nəzərdə tutan qərardan verilmişdi.
«Turan»ın xəbərinə görə, bu haqda gənc fəalın vəkillərindən Fariz Namazlı bilgi verib.
Vəkilləri apellyasiya şikayətində rayon məhkəməsi qərarının əsassız olduğunu bildirir, ləğv edilməsini istəyirdilər.
F.Namazlının bildirdiyinə görə, apellyasiya instansiyası şikayəti əsaslı saymayıb.
Məhkəmə prosesi E.Qəhrəmanın iştirakı olmadan keçirilib. Vəkilin deməsinə görə, müstəntiq bunu gənc fəalın özünün belə istəməsi ilə izah edib.
Vəkil həmçinin, E.Qəhrəmanın, hələ də, «Bandotdel»də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi -AR) saxlandığını, onunla görüşə icazə verilmədiyini bildirib.
JURNALİSTLƏR SAXLANIB, BURAXILIB
«Turqut Qəmbər Bakı Şəhər Baş Polis İdarəsindədir. Hələ orderli vəkili gəlməyib». Bunu Bakı Şəhər Baş Polis İdarəsinin qarşısındakı şahidlər deyir.
Şahid bildirib ki, ərazidə çəkiliş aparan jurnalistlər Aytac Əliyeva və İlqar Vəliyevi polislər saxlayaraq 37 saylı polis bölməsinə aparıblar. Bir qədər sonra isə jurnalistlərin sərbəst buraxıldığı bəlli olub.
Turqut Qəmbəri məhkəmə önündə naməlum şəxslər saxladı
Sizin brauzer HTML5-i dəstəkləmir
TURQUT QƏMBƏR SAXLANIB
NİDA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər saxlanıb.
AzadlıqRadiosunun müxbirə xəbər verir ki, onu NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Elgiz Qəhrəmanın məhkəməsində saxlayıblar. Turqut Qəmbəri saxlayanların mülkü paltarlı olduqları bildirilir. Həmin şəxslər deyiblər ki, onu Bakı Baş Polis İdarəsinə aparırlar. Vəkil Nemət Kərimli də Turqut Qəmbərlə getmək istəsə də, buna imkan verilməyib.
Turqut Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin oğludur.
Elgiz Qəhrəman avqustun 12-də saxlanmışdı.
Avqustun 15-də bəlli olmuşdu ki, Nərimanov Rayon Məhkəməsi iki gün öncə (avqustun 13-də) NİDA-çı gənc barəsində 4 aylıq həbs qərarı verib.
Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunur.
Bu ittihamla gənc fəal əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmana qarşı ittihamların əsassız olması, onun siyasi mövqeyinə görə həbs edilməsi barədə bəyanat yaymışdı.
Bu gün - avqustun 18-də onun həbsindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılırdı.