Tusk ‘populistləri və avtokratları’ hakimiyyətə buraxmamağa çağırıb

Donald Tusk AXP-nin Zaqrebdə keçirilən qurultayında çıxış edir

Avropa Parlamentində ən böyük partiyanın yeni rəhbəri, polşalı siyasətçi Donald Tusk Avropa İttifaqı ölkələrini ifrat sağçı “siyasi populistləri, manipulyatorları və avtokratları” rəhbər rollara seçməməyə çağırıb.

Avropa Şurasının vəzifəsini tərk etməkdə olan prezidenti Tusk noyabrın 20-də mərkəz-sağçı Avropa Xalq Partiyasının (AXP) Zaqrebdə keçirilən qurultayında deyib ki, AXP “məsuliyyətsiz populizmlə” mübarizə aparmalıdır.

AXP 1976-cı ildə yaradılıb. Özünü mərkəz-sağçı kimi təqdim edən qrupa 84 partiya və 42 ölkədəki partnyorlar daxildir.

AXP bildirir ki, “təşəbbüsün icra hakimiyyətinin aşağı eşelonlarına verildiyi federal modelə əsaslanan güclü Avropa” tərəfdarıdır.

Təşəbbüsün icra hakimiyyətinin aşağı eşelonlarına verilməsi Avropa İttifaqı qanununa tam uyğundur.

Buna da bax: Tusk texnologiya nəhənglərini ‘nəzarətsiz imperiyalar’ adlandırıb

Tusk qrupun yeni lideri seçildikdən sonra etdiyi çıxışında deyib ki, “biz heç bir şəraitdə təhlükəsizlik və asayiş sferalarını siyasi populistlərə, manipulyatorlara və avtokratlara verməməliyik”.

Tuskun fikrincə, bu adamlar xalqları “azadlıqla təhlükəsizlik arasında barızmazlıq olduğuna” dair yanlış müddəaya inandırmağa çalışrılar:

"Biz vətəndaş azadlıqları, qanunun aliliyi və ictimai həyatda ləyaqətlilik kimi dəyərləri təhlükəsizlik və asasyişin qurbangahına qoymamalıyıq, çünki buna sadəcə olaraq ehtiyac yoxdur…Bunu qəbul edə bilməyən şəxs avtomatik olaraq özünü bizim ailəmizdən kənarda qoymuş olur”.

Tusk çıxışında konkret lider adı çəkməsə də, söhbətin əsasən Macarıstanın baş naziri Viktor Orbandan getdiyi düşünülür.

O Avropa qitəsində, lakin özəlliklə də Mərkəzi və Şərqi Avropada geniş yayılmış antimühacir, ifrat sağçı, populist hərəkatın liderlərindən biri sayılır.

AXP Orban Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-ə qarşı qarayaxma kampaniyası apardıqdan sonra, onun Fidesz partiyasının alyansdakı fəaliyyətini dayandırıb.

Lakin Fidesz partiyasının AXP-dən çıxarılıb-çıxarılmayacağı bilinmir.