Yulia Tymoshenko prezidentliyə namizədliyini bəyan edir

Yulia Tymoshenko yanvarın 22-də Batkivşina partiyasının qurultayında prezidentliyə namizədliyini bəyan edib

Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko prezidentliyıə namizəd olacağını rəsmən bəyan edib. İctimai rəy sorğuları onun mart prezident seçkində lider olacağını göstərir.

58 yaşlı Tymoshenko prezident seçkisinə qatılacağı barədə bəyanatı yanvarın 22-də özünün Batkivşina (Ata yurd) partiyasının Kiyevdə keçirilən qurultayında verib.

Tymoshenko son iki onillikdə Ukrayna siyasət meydanının ən parlaq simalarından biridir.

O Viktor Yushchenko ilə birlikdə 2004-cü ilin Narıncı inqilabının liderlərindən biri idi.

Yushchenko-nun seçki qələbəsindən dərhal sonra baş nazir təyin edilən Tymoshenko 9 aydan sonra prezidentlə arasındakı fikir ixtilafına görə vəzifəsindən kənarlaşdırılıb.

Tymoshenko daha sonra 2007 və 2010-cu illərdə baş nazir olub, habelə 2010-cu ildə prezident seçkisinə qatılıb, lakin Rusiyaya meylli Viktor Yanukovych-ə uduzub.

Tymoshenko Yanukovych-in prezidentliyi dövründə, 2011-ci ildə korrupsiya ittihamı ilə 7 il azadlıqdan məhrum edilib, lakin prezidentin devrilməsindən sonra, 2014-cü ildə azadlığa çıxıb.

Elə həmin il seçki marafonuna qoşulan Tymoshenko bu dəfə Petro Poroshenko-ya məğlub olub. Martın 31-də keçiriləcək seçkinin namizədlərindən biri də Poroshenko olacaq.

Tymoshenko seçki ərəfəsində keçirilən rəy sorğularının lideri olaraq qalır və hazırkı prezident Poroshenko, habelə komediya aktyoru Volodymyr Zelenskyy-ni geridə qoyur.

Tymoshenko özünü NATO və Avropa İttifaqına üzvlüyə rəğbətli siyasətçi kimi təqdim edir və Ukraynanın şərqində rusiyayönlü separatçılara qarşı döyüşən Ukrayna ordusuna dəstək bildirib.

Kiyevdə keçirilən qurultaya onlarca müharibə veteranı dəvət olunmuşdu.

Tymoshenko-nun namizədliyinə dəstək bildirən nüfuzlu fiqurların arasında Ukrayna Pravoslav Kilsəsinin başçısı Filaret də var. O Batkivşinanın qurultayını giriş nitqi ilə açıb.

Tymoshenko-nu dəstəkləyən daha bir siyasətçi Gürcüstanın keçmiş prezidenti, sonralar Odessanın meri olmuş Mikheil Saakashvili-dir.