Türkiyə hərbi istehkamçılarının daha bir dəstəsi Azərbaycana gəlib

Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə 136 nəfərlik heyəti Azərbaycana gəlib.

Bu barədə bu gün, dekabrın 16-daAzərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumatda yazılıb ki, türkiyəli hərbi mütəxəssislər işğaldan azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi işini həyata keçirəcək.

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislərindən ibarət ilk heyət noyabrın 30-da Azərbaycana gəliblər.

Onda da AMN bildirmişdi ki, onlar işğaldan azad edilmiş ərazilərdə kömək göstərməyə başlayıblar.

Son aylar Azərbaycanın işğaldan azad edilən ərazilərində bir neçə dəfə minaya düşmə hadisələri baş verib. Nəticədə ölənlər, yaralananlar olub.

Buna da bax: İşğaldan azad olunan ərazilərlə bağlı xəbərdarlıq edildi

Xatırlama

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.