Fevralın 24-dən 25-nə keçən gecə Bakıdakı Dənizkənarı Milli Parkda qız və oğlanın Xəzərə düşdüyü qeydə alınıb.
1998-cü il təvəllüdlü N.R.-nın intihar məqsədilə suya atıldığı deyilir. Hadisə yerində olan oğlanın da qızı xilas etmək üçün suya tullandığı, amma onu xilas edə bilmədiyi bildirilir.
Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları oğlanı xilas edərək sudan çıxarıblar.
Bakı Bulvar İdarəsinin mətbuat xidmətindən də bunu təsdiq ediblər: «Gecə saatları olub hadisə. Yaxında olan iki əməkdaşımız oğlanı sudan çıxarıblar. Müvafiq qurumlarla əlaqə saxlayaraq, bu şəxsi həmin qurumların təmsilçilərinə təhvil veriblər».
İdarənin mətbuat xidmətindən hadisənin hansı səbəbdən baş verdiyini bilmədiklərini söyləyiblər.
N.R.-nın axtarışları davam etdirilsə də, hələ ki, nəticə yoxdur. Onun Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi olduğu bildirilir. Universitetin mətbuat xidmətindən də bunu təsdiq ediblər: «Ailəsi ilə birgə hamımız bu xəbərdən şokdayıq. Qış imtahanlarını verib. Tələbə kimi problemli tələbə olmayıb. Davranışı, dərsə davamiyyəti qaydasında olub».
Mətbuat xidmətindən qeyd ediblər ki, o, III kurs tələbəsi olub.
Universitetin mətbuat xidməti də hadisənin səbəbini bilmədiklərini açıqlayıblar: «Hərə bir şey yazır. Amma dəqiq səbəb nə olduğunu bilmirik. Elə bizim üçün də müəmma olaraq qalır».
Yerli mətbuatda hadisə sevgi olayı kimi təqdim edilir.
Baş verənlərə, hələlik, tələbə qızın valideynlərindən, sözügedən oğlandan və hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb. Hazırda olayla bağlı təhqiqat aparıldığı bildirilir.