Dekabrın 20-nə keçən gecə Rusiya Ukrayna ərazisinə dron hücumu gerçəkləşdirib. Bundan bir neçə saat öncə prezident Volodimir Zelenski ABŞ-ın yardımı davam etdirəcəyinə ümidini bildirib, amma hazırda bu məsələ də şübhə altındadır.
Ukrayna Hava Qüvvələri Kiyev, Odessa, Xerson və digər vilayətlərə atılan 19 drondan 18-nin vurulduğunu bildirib.
"İlkin informasiyaya görə, paytaxtda itki, yaxud dağıntı olmayıb", - Kiyev hərbi administrasiyasının başçısı Sergey Popko Telegram-da yazıb.
Ukrayna Hava Qüvvələrinin məlumatına görə, Rusiya Xarkov vilayətini iki "yer-hava" tipli raketlərlə atəşə tutub, hücum nəticəsində itki olmayıb. Rusiya bu informasiyanı şərh etməyib.
Zelenskinin dekabrın 19-da Kiyevdə mətbuat konfransından bir neçə saat sonra bəlli olub ki, ABŞ Senatı Ukraynaya əlavə yardım və ABŞ-ın sərhəd təhlükəsizliyinin gücləndirilməsi üzrə paketi gələn ilin əvvəlindən tez səsə qoymayacaq. Demokratlar və respublikaçıların danışıqları davam etdirdiyi xəbər verilir.
Zelenskinin mesajı
Zelenski daha öncə demişdi ki, ABŞ-ın göndərdiyi havadan müdafiə sistemləri artıq yoldadır, avropalılar da yardımı davam etdirirlər. Amma o, Ukraynanın döyüşü davam etdirməsindən ötrü dərhal yardım gərəkdiyini vurğulayıb.
"Bizə ABŞ-dan yardım indi lazımdır. Bizə Avropa İttifaqından yardım lazımdır. Xoşbəxtəm ki, tərəfdaşlarımız bizə qulaq asaraq eşitdilər. Düşünürəm ki, tezliklə Ukraynaya yardım gələcək", - Zelenski bildirib.
Senat Ukraynaya yardımı gələn ilədək səsə qoya bilməyəcək
ABŞ Senatı Ukraynaya daha çox yardım və ABŞ sərhədinin təhlükəsizliyinin artırılması üçün vəsait paketini gələn ilin əvvəllərindək səsverməyə çıxara bilməyəcək.
Bunu sözü gedən qanunun səsə qoyulması üçün danışıqların davam etdiyi bir vatxta Senatın hər iki partiyadan olan liderləri bildiriblər.
Senatın demokrat lideri Çak Şumer (Chuck Schumer) bu barədə jurnalistlərə deyib:
"Bizim danışıqçılarımız dekabr ayında və yanvar tətili günlərində işi son dərəcə diqqətlə davam etdirəcəklər və bizim məqsədimiz tətildən qayıdan kimi nə isə əldə etməkdir”.
Senatın respublikaçı liderlərindən Con Tyun (John Thune) bəyan edib ki, bu barədə razılaşma yanvardan əvvəl əldə oluna bilməyəcək.
Senator bildirib ki, bu ləngimə demokratlarla sərhəd təhlükəsizliyi məsələsindəki fikir ayrılığının qalması ilə bağlıdır.
Danışıqlarda "ümidverici irəliləyiş" olsa da...
Şumer və Senatın respublikaçı lideri Miç Makkonnelin (Mitch McConnell) birgə bəyanatında deyilir ki, danışıqlarda “ümidverici irəliləyiş” var, amma “çətin məsələlər qalmaqdadır”.
Ağ Ev bundan əvvəl xəbərdarlıq etmişdi ki, Ukrayna üçün təsdiqlənmiş yardımlar bu ilin sonunadək tükənəcək.
Bayden administrasiyasının Ukrayna üçün əlavə olaraq istədiyi 61 milyard dollarlıq paket mühafizəkar respublikaçıların mövqeyinə görə hələ də səsə qoyulmayıb.
Reuters yazır ki, hətta demokratların çoxluğa malik olduqları Senatda razılaşma əldə olunsa belə, onun respublikaçı çoxluğa malik Nümayəndələr Palatasından keçəcəyi qəti şəkildə məlum deyil.
Bu palatada əhəmiyyətli sayda sərt xətt-hərəkət tərəfdarı olan respublikaçı Ukraynaya ümumiyyətlə yardım göstərilməsinə qarşıdır.