Ukraynanın Zaporojye şəhərində yerləşən ən böyük su elektrik stansiyası (SES) olan – "Dnepr"ə martın 22-nə keçən gecə Rusiya zərbələri nəticəsində ciddi ziyan dəyib.
"Ukrhidroenerqo"nun direktoru İqor Sirotanın sözlərinə görə, Dnepr SES-ə iki birbaşa zərbə olub. Stansiyanın ikinci enerji bloku - SES-2 "kritik vəziyyətdədir" və onun işləyə biləcəyi məlum deyil. "Biz stansiyanı itiririk", - Sirota deyib.
O aydınlaşdırıb ki, bir raket SES-2-nin dayağına düşüb və kranın tirləri sıradan çıxıb. Onun deməsinə görə, maşın zalı və avadanlıqlar da məhv edilib, SES-1 də zədələnib.
"Ukrhidroenerqo"dan amma bəndin dağılma təhlükəsinin olmadığı bildirilib.
Dnepr SES 1930-cu illərdə tikilib, stansiya SSRİ-də sənayeləşmə zamanı məşhur tikililərdən biri sayılıb. Stansiyanın bəndi 1941-ci ildə (İkinci Dünya müharibəsində) sovet qoşunları geri çəkilərkən dağıdılıb, müharibədən sonra bərpa edilmişdi.
+++
Rusiya cümə günü, martın 22-si gecə Ukraynanı növbəti iri raket hücumuna məruz qoyub. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
Ukraynanın energetika naziri German Qaluşenkonun sözlərinə görə, bu, ölkənin enerji sektoruna son zamanlar ən böyük hücumdur: "Məqsəd təkcə ziyan vurmaq deyil, ötən il olduğu kimi, ölkənin enerji sisteminin işində iri fasilə yaratmaq cəhdidir. Təəssüflər olsun ki, müxtəlif vilayətlərdə zərbələr nəticəsində generasiya qurğularına, ötürücü və paylayıcı sistemlərə ziyan dəyib", - nazir Facebook-da yazıb.
Bir sıra regionlarda elektrik enerjisinin verilişində fasilələr var.
Qaluşenko təsdiqləyib ki, atəşə görə Zaporojye Atom Elektrik Stansiyasını (AES) təchiz edən elektrik xətlərindən birində cərəyan kəsilib. Hazırda stansiya Ukraynanın enerji sisteminə yalnız daha aşağı gücü olan bir ötürücü xətti ilə qoşulub. "Bu vəziyyət son dərəcə təhlükəlidir və fövqəladə vəziyyətə gətirib çıxara bilər", - "Energoatom"un rəhbəri Petro Kotin deyib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya silahlı hücum edib.