Fransa və Azərbaycan prezidentləri Ukraynadan danışıblar

İ.Əliyev və E.Makron

Dünən, martın 1-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə martın 2-də Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb: "Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub".

Açıqlamaya görə, telefon danışığı zamanı həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi. Bu ölkəyə qarşı sanksiyaların ilkin mərhələsi onda başlamışdı.

Son hücumdan sonra isə Rusiyaya qarşı Qərb və başqa bəzi ölkələrin sanksiyası daha da genişləndirilib. Azərbaycan sanksiyalara qoşulmur.