Çin Ukrayna üzrə 'sülh sammiti'ndə iştirak etməyəcək

Moskvanın mərkəzindəki suvenir mağazasında Çin lideri Si Cinpinin portreti olan matryoşka

Çin Ukraynadakı müharibəyə son qoymaq məqsədi ilə iyunda İsveçrədə toplaşacaq konfransa nümayəndələrini göndərməyəcək.

Bu barədə "Reuters" dörd mənbəyə istinadən xəbər verir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpinə Kiyevin "sülh sammiti" adlandırdığı konfransa qatılmaq çağırışı ilə açıq müraciət etmişdi.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Pekin onun iştirakı üçün zəruri olan şərtlərə əməl edilmədiyindən belə qərar verib. Onların arasında "bütün tərəflərin bərabər iştirakı və bütün təkliflərin dürüst müzakirəsi" üçün həm Rusiya, həm də Ukraynanın sammitə dəvət məsələsi də var. Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi (XİN) də bu şərti səsləndirmişdi.

Moskva konfransa dəvət edilməyib, baxmayaraq ki, İsveçrə münaqişənin həlli üçün Rusiyanın prosesdə iştirak etməli olduğuna əmindir.

Ukrayna Moskvanın prosesi pozmasını istəmir, - prezident Zelenski məsələni belə izah edib.

Rusiya nümayəndələrinin növbəti mərhələdə vasitəçilər vasitəsilə prosesə cəlb olunması planlaşdırılır. Rusiya, öz növbəsində, Ukraynadan qoşunlarının çıxarılmasını müzakirə etmək niyyətində olmadığından dəvət olunsa belə, görüşdə iştirak etməyəcəyini bəyan edib.

İsveçrə XİN rəsmisinin sözlərinə görə, ümumilikdə, sammitə 160-dan çox nümayəndə heyəti dəvət olunub. "70-dən çox dövlət sülh konfransında iştirakını təsdiqləyib, əksəriyyəti dövlət və hökumət başçıları səviyyəsində", - nazirlikdən bildirilib.

"Bloomberg" daha əvvəl yazırdı ki, ABŞ prezidenti Co Bayden seçki kampaniyası üçün vəsait toplama tədbirinə görə, çox güman, Ukrayna ilə bağlı bu konfransı buraxacaq.

Ukraynada müharibənin dayandırılması yollarını müzakirə edəcək konfrans iyunun 15-dən 16-dək Bürqenştokda keçiriləcək.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı təcavüzə başlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Ukraynada müharibənin iki ilində on mindən çox insan həlak olub, 20 minə yaxın insan isə yaralanıb. Milyonlarla insan bu ölkədən didərgin düşüb.