Dekabrın 13-nə keçən gecə Rusiya qüvvələri Kiyevi raket atəşinə tutub, 51 nəfər xəsarət alıb, onlardan 18-i xəstəxanaya yerləşdirilib. Şəhərin hərbi və mülki administrasiyası xəsarət alanlar arasında altı uşağın olduğunu bildirir.
İnsanlar, əsasən, partlayış nəticəsində sınan pəncərə şüşələrinin qırıntılarından xəsarət alıblar. "Ukrainskaya pravda" yazır ki, şəhərdə hava həyəcanı yalnız bir neçə partlayışdan sonra verilib.
Rusiya qüvvələrinin Kiyevi ballistik raketlər, "İsgəndər" ilə atəşə tutduğu güman edilir. Onların hamısını Ukrayna havadan müdafiə sistemləri vurub. Onadək raketin qalıqları Kiyevin sol sahil hissəsinə, Darnitsk və Dnepr rayonlarına düşdüyü bildirilir. Azı üç yerdə yanğın başlayıb.
Dnepr rayonunda raket qalıqları çoxmərtəbəli yaşayış binasının fasadında yanğın törədib. Kiyevin meri Vitali Kliçko binadan 15 nəfərin, o cümlədən dörd uşağın köçürüldüyünü bildirib. O, Dnepr rayonunda uşaq xəstəxanasına da ziyan dəydiyini açıqlayıb. İlkin informasiyaya görə, xəsarət alan olmayıb.
Ukrayna hava qüvvələri dekabrın 13-də ötən gecə Kiyev istiqamətində uçan 10 ballistik raketin vurulduğunu açıqlayıb.
Rusiya ordusu Ukraynaya hücuma onlarla döyüş dronunu da cəlb edib, onların da vurulduğu deyilir.