Qətldə, qurbanlarının birinin ürəyini bişirib yeməkdə təqsirli bilinmiş rusiyalı kişi Ukrayna müharibəsindən müvəqqəti olaraq evinə qayıdıb. Bu barədə yerli media yazır.
Dmitri Malışev döyüşdə aldığı yaralardan müalicə olunmaq üçün evə göndərilib. Bunu Volqoqrad vilayətindəki Raxinka kəndinin başçısı Fyodor Kadovba V1.ru saytına deyib.
"Onu dünən mağazada gördüm, salam verdi. Mənə dedi ki, hazırda müalicə olunur, cəbhəyə qayıdacaq", – Kadovba bildirib.
Kadovbanın sözlərinə görə, Malışev bu il ikinci dəfədir müalicə üçün evinə qayıdır. O, Malışevin çənəsində yara, qolunda qəlpə olduğunu söyləyib.
Mütəşəkkil cinayətkar dəstə başçısı olan Malışev üç nəfəri öldürdüyünə görə 2015-ci ildə 25 il həbsə məhkum edilib. Onlardan ikisi yerli biznesmen, biri tacikistanlı olub. Malışev öldürdüyü tacikin ürəyini yeyib.
2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayan Rusiya hökuməti əfv qarşılığında minlərlə məhbusa cəbhəyə getmək təklif edəndə Malışev də bundan yararlanıb.
Müharibədən qayıdan onlarla məhbus qətl daxil olmaqla, zorakı cinayətlər törədiblər.