Ukraynanın müdafiə naziri barədə qarışıq məlumatlar gəlir

Aleksey Reznikov

Ukraynada müdafiə nazirinin başqa vəzifəyə keçməsi barədə fevralın 5-də yayılan xəbərlərdən sonra bu barədə qarışıq məlumatlar gəlir.

Bundan əvvəl Oleksi Reznikovun strateji sənayelər naziri vəzifəsinə keçirildiyi xəbər verilmişdi.

Müdafiə naziri vəzifəsini general Kirilo Budanov tutmalı idi.

Lakin bu xəbərdən 24 saat sonra prezident Volodimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası parlament fraksiyasının başçısı David Araxamiya Telegram kanalında bildirib ki, bu həftə müdafiə sektorunda heç bir heyət dəyişikliyi olmayacaq.

Reznikov istefa verməyi planlaşdırmadığını desə də, əlavə etmişdi ki, onun gələcəyi barədə qərarı prezident qəbul etməlidir.

***

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov ölkənin hərbi kəşfiyyat agentliyinin başçısı, general Kirilo Budanovla əvəzlənir. Məlumatı Prezident Volodimir Zelenskinin parlamentdəki fraksiyasının lideri yayıb.

“Xalqın qulluqçusu” partiyasının parlamentdəki fraksiyasının lideri David Araxamiya fevralın 5-də Telegram-da yazıb ki, Reznikov hərbi-sənaye əməkdaşlığını gücləndirmək üçün strateji sənayelər naziri təyin olunacaq.

Buna da bax: Medvedev Ukraynanı 'qisas zərbələri' ilə hədələyir

“Düşmən hücuma hazırlaşır”

“Müharibə kadr siyasətini diktə edir”, – Araxamiya vurğulayıb.

“Zaman və şərait gücləndirilməli, yenidən qruplaşmalıdır. Bu indi baş verir və gələcəkdə baş verəcək. Düşmən hücuma hazırlaşır. Biz özümüzü müdafiə etməyə, özümüzünkünü qaytarmağa hazırlaşırıq”, – deputat bildirib.

Ancaq dəyişiklik haqda rəsmi məlumat açıqlanmayıb.

Araxamiya onu da deyib ki, Daxili İşlər Nazirliyinə İqor Klimenko başçılıq edəcək. O hazırda Ukrayna Milli Polisinin başçısıdır.

Müdafiə nazirliyində korrupsiya ittihamları yayılandan sonra Reznikovun mümkün istefası, yaxud işdən çıxarılması ətrafında şayiələr dolaşırdı.

Buna da bax: Almaniyanlı müstəntiqlər Ukraynada törədilən müharibə cinayətlərini məhkəməyə çıxarır

Reznikovun mövqeyi

Reznikov deputatın açıqlamasından bir neçə saat öncə mətbuat konfransında deyib ki, istefa planı yoxdur, ancaq onu da əlavə edib ki, gələcəyi haqda qərarı prezident verəcək.

“O, vəzifəyə namizəd irəli sürür, parlament də təyin edir. Ona görə də hər hansı qərarı Ukrayna prezidentinin qəraryla, onun mənə nə deyəcəyi əsasında verəcəyəm”, – Reznikov vurğulayıb.

Ukrayna mediasının yanvarda yazdığına görə, Müdafiə Nazirliyi ordu üçün bəzi məhsulları şişirdilmiş qiymətə alıb. Media digər korrupsiya ittihamları da irəli sürüb.

56-yaşlı Reznikov iddiaları rədd edib, hakimiyyət isə təhqiqata başlayıb.

Ordunun ərzaq və avadanlıq təchizatına cavabdeh nazir müavini Vyaçeslav Şapovalov isə “mediadakı korrupsiya itihamları”nı əsas gətirərək yanvarın 24-də istefa verib. O özü və nazirlik ittihamları əsassız adlandırıb.