Ukrayna ombudsmanı Saakaşvilini görə bilməyib

Lyudmila Denisova

Gürcüstan hakimiyyəti Avropadan bir neçə siyasətçinin Saakaşvili ilə görüşmək istəyini rədd edib

Ukrayna ombudsmanını Gürcüstanın aclıq edən keçmiş prezidenti Mixeil Saakaşvilinin yanına buraxmayıblar. Ukrayna vətəndaşı olan Saakaşvili Gürcüstanda həbsxana xəstəxanasında saxlanır.

Gürcüstanın Ədliyyə naziri Rati Breqadze noyabrın 16-da bildirib ki, Lyudmila Denisova Saakaşviliyə baş çəkə bilməz, çünki belə bir səfər “Gürcüstan qanunvericiliyində nəzərdə tutulmayıb”.

“Buna ehtiyac yoxdur və bizim belə bir öhdəliyimiz yoxdur”, – deyən Breqadze əlavə edib ki, Saakaşvilinin səhhəti qənaətbəxşdir, narahatlığa əsas yoxdur.

Buna da bax: Həkim: Saakaşvili çox zəifləyib, yataqdan dura bilmir

Breqadze Denisovanı bu ayın əvvəlində Saakaşvili ilə görüşdən sonra verdiyi bəyanata görə tənqid edib. Ombudsman Saakaşviliyə istinadla demişdi ki, ona tibbi yardım göstərilmir.

“Denisova sonuncu dəfə Saakaşvili ilə görüşündə birtərəfli bəyanat verib. O hətta bizdən informasiyanın doğru olub-olmadığını soruşmayıb”, – Breqadze söyləyib.

Buna da bax: Saakaşvilinin tərəfdarları yenə də aksiya keçirirlər

Ziddiyyətli informasiyalar

Noyabrın 16-da ziyarətinə icazə verilmədiyini öyrənən Denisova deyib ki, penitensiar xəstəxananın administrasiyası və həkimləri ilə görüşməyə, Saakaşvilinin səhhəti haqda konkret informasiya almağa çalışacaq.

“İndiki məqamda Saakaşvilinin səhhəti, vəziyyəti kəskin pisləşəcəyi halda ona mümkün yardım yolları barədə ziddiyyətli məlumatlara malikik”, – deyən Denisova qeyd edib ki, Breqadze onun Saakaşvili ilə şəxsən görüşmək xahişinə cavab verməyib.

Denisova Tbilisiyə bir gün öncə gəlib. Onun sözlərinə görə, Saakaşvili şəxsən ona səhhətinin pisləşdiyini söyləyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Saakaşvilinin tərəfdarları ilə polis toqquşub, saxlananlar var

Gürcüstan hakimiyyəti Avropadan bir neçə siyasətçinin Saakaşvilini görmək istəyini rədd edib.

Noyabrın 15-də Gürcüstan Xüsusi Penitensiar Xidməti Saakaşvilini mənimsəmə ittihamları üzrə məhkəməsinə də buraxmayıb. Prosesin aclıq aksiyasının yeddinci həftəsində olan keçmiş prezidentin səhhətini pisləşdirə biləcəyi, eləcə də təhlükəsizlik riski əsas gətirilib.

Buna da bax: Saakaşvili xəstəxanada pis rəftar gördüyünü iddia edir

Məhkəmələrinə buraxmırlar

Saakaşvili ötən həftə də başqa bir iş üzrə məhkəmə iclasına buraxılmamışdı. Həmin məhkəmədə onun 2007-ci ilin noyabrında müxalifətin etirazlarının zorakılıqla yatırdılmasında rolu müzakirə olunur.

Keçmiş prezident oktyabrın 1-də səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıdandan sonra saxlanıb, onun ölkəyə qanunsuz girdiyi bildirilib.

Buna da bax: Saakaşvilinin aclığı Gürcüstanda qütbləşməni dərinləşdirir

2004-2013-cü illərdə prezident olmuş Saakaşvili 2013-cü il prezident seçkisindən az sonra ölkəni tərk edib. O, 2018-ci ildə hakimiyyətdən sui-istifadədə və müxalifətdən olan deputatın döyülməsinə dair dəlilin ört-basdır olunmasında qiyabi təqsirli bilinib.

Saakaşvili ittihamların hamısını siyasi motivli sayır. Tərəfdarları isə onun həbsinə etiraz edir, siyasətçinin mülki klinikaya köçürülməsini tələb edirlər.

Hökumət bundan imtina edərək Saakaşvilini həbsxana klinikasına yerləşdirib.