ABŞ prezidenti Donald Tramp martın 18-də Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmağı və Ukraynada müharibəyə son qoyulmasını müzakirə etməyi planlaşdırdığını deyib.
"Reuters"in xəbərinə görə, Tramp Floridadan Vaşinqtona qayıdarkən təyyarədə bu barədə jurnalistlərə bildirib.
"Mən çərşənbə axşamı prezident Putinlə danışacağam. Həftə sonu çox iş görülüb. Biz bu müharibəni sona çatdıra biləcəyimizi görmək istəyirik. Bəlkə, bacararıq, bəlkə də bacarmarıq, amma düşünürəm ki, bizim çox yaxşı şansımız var", - Tramp deyib.
Trampın bu açıqlaması ötən həftə ABŞ və Rusiya rəsmiləri arasında Moskvada baş tutan görüşdən sonra gəlib.
Atəşkəs danışıqlarında hansı güzəştlərin nəzərdən keçirildiyi barədə suala Tramp belə cavab verib: "Biz torpaq haqqında danışacağıq. Elektrik stansiyalarından danışacağıq".
Zelenski hərbi rəhbərlikdə dəyişiklik edir
Ukrayna prezidenti Volodimir Zelenski hərbi rəhbərlikdə dəyişiklik edərək Baş Qərargah rəisini vəzifədən uzaqlaşdırıb. Bu arada Rusiyanın yüksəkrütbəli rəsmisi bildirib ki, Moskva Ukraynanın NATO-ya üzv olmaması və hər hansı sülh sazişi çərçivəsində "neytral" statusda qalması tələbində israr edəcək. Rəsmi Kiyev isə uzun müddətdir bu şərtləri rədd edir.
Rusiya 8 il əvvəl Krımın qeyri-qanuni ilhaqından və Ukraynanın Donbas bölgəsində müharibəni qızışdırdıqdan sonra 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəyə başlayıb. İşğalına haqq qazandırmaq üçün Kremlin ilkin bəhanələrindən biri olan "NATO-ya üzvlük" Kiyevin əsas tələblərindən biri olaraq qalır.
Rusiya prezidenti Vladimir Putin martın 14-də bildirib ki, hər hansı razılaşma müharibənin "kök" səbəblərini aradan qaldıraraq uzunmüddətli sülhə gətirib çıxarmalıdır. Bu, görünür, NATO-nun genişlənməsi və, Putinin iddia etdiyi kimi, Rusiyanın təhlükəsizliyini təhdid edən digər amillərə işarədir.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko martın 17-də "İzvestiya"da dərc olunan açıqlamasında bildirib ki, "biz sarsılmaz təhlükəsizlik təminatlarının bu razılaşmanın bir hissəsinə çevrilməsini tələb edəcəyik".
"Bu təminatların bir hissəsi Ukraynanın neytral statusu, NATO ölkələrinin onu alyansa qəbul etməkdən imtinası olmalıdır", - o deyib.
Prezident Zelenski dəfələrlə vurğulayıb ki, Kiyevin hər hansı sülh sazişini qəbul etməsi üçün Qərb Ukraynaya təhlükəsizlik təminatları verilməlidir. NATO-ya gələcək üzvlük də bu təminatlara daxildir.
V.Zelenski fevralda bildirib: "Mən Ukraynanın NATO-ya üzvlüyündə israr etdim, amma siz bilirsiniz ki, cavabları nə oldu". Bununla o, hərbi alyansa qoşulmaq istiqamətində əngəllərin olduğunu irəli sürüb.
Andriy Qnatov
Martın 16-da Zelenski Ukraynanın hərbi islahatlarını və yenidən təşkilatlanmasını sürətləndirmək məqsədilə general-mayor Andriy Qnatovu Baş Qərargahın yeni rəisi təyin edərək general-leytenant Anatoli Barqileviçi bu vəzifədən azad edib.
Bu arada Rusiya Kursk bölgəsində irəliləyişini davam etdirir. Rusiya qüvvələri keçən ilin avqustunda Ukraynanın gözlənilməz hücum ilə nəzarətə götürdüyü ərazilərdən Ukrayna qoşunlarını çıxarır. Son məlumatlara görə, Ukraynanın nəzarətində olan ərazinin ölçüsü 110 kvadrat kilometrə düşüb, keçən ilin avqustunda bu 1400 kvadrat kilometr idi.
ABŞ-nin dövlət katibi Marko Rubio "CBS" kanalına müsahibəsində sülh sazişinin "çox çətin" işlər və həm Rusiyadan, həm də Ukraynadan güzəştlər tələb edəcəyini bildirib. O deyib ki, belə danışıqlara başlamaq Rusiya və Ukrayna bir-birinə atəş açdığı müddətcə çətin olacaq.
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff isə CNN-ə açıqlamasında prezident Trampın Ukraynadakı müharibəni dayandırmaq yollarını müzakirə etmək üçün gələn həftə Putinlə telefonla danışacağını deyib.
"İki tərəf bu gün daha çox yaxınlaşmış vəziyyətdədir. Fikir ayrılıqlarını azaltmışıq", - Uitkoff bildirib. O, ötən həftə Moskvaya səfər edərək Vladimir Putinlə görüşüb.
Rusiya hərbçiləri Kursk vilayətinin geri qaytarılmış Sudja şəhəri ilə yeriyirlər.
Makron: "Rusiyanın qəbul edib-etməyəcəyi bir şey deyil"
Hər hansı atəşkəs razılaşması əsasında Ukraynaya mümkün sülhməramlı qüvvələrin göndərilməsinin müzakirəsi fonunda Rusiya NATO qoşunlarının yerləşdirilməsinin qəbuledilməz olacağını bildirib.
Fransa prezidenti Emmanuel Makron isə yerli mətbuata müsahibəsində deyib ki, Rusiya Ukraynaya xarici sülhməramlıların göndərilməsinə veto hüququna malik olmamalıdır.
Makronun sözlərinə görə, istənilən sülhməramlı qüvvələr bir neçə yerdə yerləşdiriləcək və hər ölkəyə aid bir neçə min əsgərdən ibarət olacaq. O, bir sıra Avropa və qeyri-Avropa ölkələrinin buna maraq göstərdiyini əlavə edib.
"Ukrayna suverendir. Müttəfiq qüvvələrin öz ərazisində olmasını tələb edərsə, bu, Rusiyanın qəbul edib-etməyəcəyi bir şey deyil", - Makron martın 15-də dərc olunan müsahibəsində vurğulayıb.
Martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ rəsmiləri arasında baş tutan danışıqlardan sonra Kiyev Rusiyanın da razılaşacağı təqdirdə 30 günlük atəşkəs təklifini qəbul edəcəyini bəyan edib.
Moskva isə indiyədək bu fikrə soyuqqanlı reaksiya verib, Putin əlavə şərtlər, o cümlədən ABŞ-nin Kiyevə silah tədarükünün dondurulmasını təklif edib.