Ukrayna Putinin Krıma səfərinə rəsmi etiraz bildirib

Rusiya prezidenti Vladimir Putin krımda

Ukrayna Rusiya prezidenti Vladimir Putinin Krıma səfərinə rəsmi etiraz bildirib.

Ukrayna xarici işlər nazirliyinin bəyanatında deyilir ki, bu səfər də Rusiya rəsmilərinin, Ukrayna tərəfinin razılığı olmadan ilhaq edilmiş Krıma əvvəlki səfərləri kimi, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması deməkdir.

Putin Krıma avqustun 10-da gedib.

O, “Gecə canavarları” klubunun Sevastopolda təşkil etdiyi şouda iştirak edib.

Bu kluba, “Cərrah” ləqəbli Aleksandr Zaldostanov başçılıq edir.

Putin bu şouya “Ural” markalı motosiklı sürərək gəlib.

İnterfaksın məlumatına görə, baykerlər prezidentə bayker papağı və əvvəlki velosiped şoularından birində çəkdikləri Putinə həsr etdilmiş " Rus Reaktoru " filmini bağışlayıblar.

Putin, həmçinin Hersonda Rus Pravoslav Kilsəsinin Metropoliteni Tixonun (Şevkunov) pyesi əsasında səhnələşdirilmiş "Qriffin" tamaşasına baxıb.