Ukrayna prezidenti Volodimir Zelenski hazırda intensiv döyüşlərin getdiyi ərazidə, Avdeyevkadakı Ukrayna mövqelərinə baş çəkib.
O bu barədə postu teleqram kanalında yerləşdirib.
Bu da xəbər verilir ki, Zelenski 110-cu əlahiddə mexanikləşdirilmiş briqadanın döyüşçülərini ordenlərlə təltif edib.
Prezident deyib ki, bu səfər zamanı briqada komandiri ilə “müdafiə vəziyyətini” və “əsas ehtiyacları” müzakirə edib.
Zelenski bildirib ki, Avdeyevka “cəbhə xəttinin ən mürəkkəb hissələrindən biridir”.
Bu səfər zamanı Zelenskini onun administrasiyasının rəhbəri Andrey Yermak müşaiyət edirdi. Onun sözlərinə görə Rusiya ordusu daimi artilleriya və aviasiya zərbələri ilə bu şəhəri məhv edir.
Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi boyunca Volodomir Zelenski dəfələrlə ön cəbhə xəttinə səfərlər edib.
O Baxmutda, İzyumda, Xerson ətrafında olub.
Rusiya ordusu Donetsk vilayətinin Avdeyevka şəhəri üzərinə genişmiqyaslı hücum əməliyyatına oktyabr ayından başlayıb. Şəhər hələ də Ukrayna ordusunun nəzarətindədir.
Müxtəlif mənbələrin verdiyi məlumata görə Putin Donetsk vilayətinin tamamailə işğal edilməsini qarşıya əsas məqsəd kimi qoyub.
Noyabrın ortalarından etibarən hərbi ekspertlər Rusiya ordusunun böyük itkilər hesabına olsa da, uğurlar qazandığını qeyd edirlər. Ukrayna tərəfi bildirir ki, Avdeyevka istiqamətində günə 1000-dək Rusiya əsgəri məhv edilir.
Müharibə şəraitində tərəflərin verdiyi məlumatları müstəqil şəkildə yoxlamaq mümkün deyil.
***
Ukrayna rəsmiləri ötən gecə Rusiyanın kütləvi hava hücumunda azı 12 nəfərin həlak olduğunu bildirirlər.
Prezident Volodimir Zelenski Rusiyanın arsenalındakı bütün növ silahları işə saldığını deyib. Bunun 22 aydır davam edən işğalda ən böyük hava hücumu olduğu görünür.
Zelenskinin dediyinə görə, Ukraynaya ümumilikdə 110 raket atılıb, onların çoxu vurulub.
AzadlıqRadiosu hücumun detallarını müstəqil təsdiqlədə bilməsə də, bir sıra böyük şəhərlərdə partlayışlar olub, bir çox yerlərə səmadan qəlpələr yağıb.
Hava qüvvələri 158 raket və dronun 114-nün məhv edildiyini açıqlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, azı 12 nəfər həlak olub, 75 nəfər yaralanıb.
+++
Ukraynanın baş naziri Denis Şmıhal ölkənin sosial və kritik infrastrukturuna kütləvi hava zərbəsi endirildiyini söyləyib.
Hava qüvvələrinin sözçüsü Yuri İhnat deyib ki, Rusiya hücumları hipersonik, qanadlı və ballistik raketlərlə həyata keçirib ki, onları da tutmaq çətin olur.
Yerli rəsmilər Ukraynanın mərkəzi Dnepr şəhərində ticarət mərkəzi və doğum xəstəxanasına hücumlarda dörd nəfərin öldüyünü, azı 12 nəfərin xəsarət aldığını bildiriblər.
Cənubdakı Odessa şəhərində azı iki nəfərin öldüyü, 15 nəfərin yaralandığı xəbər verilir.
Qərbi Lvov şəhərində isə bir nəfər həlak olub, yaralılar var.
Paytaxt Kiyevdə azı yeddi nəfər yaralanıb.
Kiyev və Qərb liderləri Rusiyanı davamlı olaraq dinc sakinləri və mülki infrastrukturu hədəfə almaqda ittiham edir. ABŞ prezidenti Co Bayden (Joe Biden) Ukraynadakı hərəkətlərinə görə Rusiya prezidenti Vladimir Putinə "hərbi cani" deyib.
Rusiya isə çoxsaylı dəlillərə baxmayaraq dinc sakinləri hədəfə almadığını bildirir.
+++
Dekabrın 29-da Rusiya ordusu Ukraynaya qanadlı raketlər və dronlarla hücum edib. Konotop şəhərinə zərbədən üç nəfərin yaralandığı xəbər verilir.
Sumı dairə hərbi administrasiyasının məlumatına görə, çoxmənzilli binaya, avtomobillərə, texniki xidmət stansiyasına ziyan dəyib, yanğın baş verib. Hakimiyyət zərbəni raketlərin endirdiyini bildirir.
Xarkovun meri İqor Terexov şəhərin S-300 və X-22 raketləri ilə atəşə tutulduğunu açıqlayıb. Şəhərdə elektrik təchizatı və nəqliyyatın işində problemlər yaranıb.
Lvova azı 10 dronla hücum gerçəkləşdiyi xəbər verilir. Mer Andrey Sadovıy deyib ki, kritik infrastruktur obyektində yanğın olub.
Dekabrın 29-da səhər Ukraynanın bütün ərazisində hava həyəcanı verilib. Zaporojye və Dneprdə partlayışlar olub. Ölkənin hava qüvvələri Kiyev sakinlərini sığınacaqlara getməyə çağırıb.
Dneprdə ticarət mərkəzinin, Kiyevin Podolsk rayonunda anbarın yandığı bildirilir.
Ukraynanın monitorinq kanalları Poltava vilayətində, Krivoy Roqda və Kiyev vilayətində partlayışlar, raketlərin hərəkəti haqda məlumat yayırlar.
Bundan başqa, Rusiyanın MiG-31 təyyarələrinin uçuşu haqda informasiya peyda olub. Onlar raket, o cümlədən "Kinjal" raketlərini daşıya bilər.
Beləliklə, kütləvi hücum davam edir, Rusiya hərbçilərinin buraxdığı qanadlı raketlərin çoxu Ukraynanın qərbində müxtəlif marşrutlar üzrə hərəkət edir. Bunu BBC-nin rus xidməti Ukrayna kanallarına istinadla yayır.