Ukrayna və Rusiya son 6 ayda ilk əsir mübadiləsi ediblər

Prezident Volodimir Zelenski Türkiyədən Ukraynaya qaytarılan Azov komandirləri ilə təyyarədə, 8 iyul 2023-cü il

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukraynada əsirlikdə olan 248 hərbi qulluqçu qaytarılıb.

Prezidnet Volodimir Zelenskinin verdiyi məlumata görə Rusiya Ukraynaya 230 hərbi əsir qaytarıb.

Bu ötən ilin avqustundan bəri iki müharibə edən ölkə arasında ilk əsir mübadiləsidir.

Həm də bu mübadilə zamanı daha çox əsir dəyiş-düyüş edilib.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi nəticəsində mümkün olub:

"Bütün azad edilmiş Rusiya hərbi əsirlərinə lazımi tibbi və psixoloji yardım göstərilir. Rusiya Hərbi Kosmik Qüvvələrinin nəqliyyat təyyarələri əsirləri müalicə almaları və reabilitasiya olunmaları üçün Müdafiə Nazirliyinin səhiyyə müəssisələrinə çatdıracaq”.

Buna da bax: Türkiyə Ukraynaya bağışlanmış iki gəminin boğazlardan keçməsinə icazə vermir

Ukrayna 75 əsiri niyə “əvəzsiz” qaytarıb?

Rusiya Federasiyasının insan haqları ombudsmanı Tatyana Moskalkova bildirib ki, 75 rusiyalı əsir “əvəzsiz” olaraq qaytarılıb.

RIA Novosti dövlət xəbər agentliyi dəqiqləşdirir ki, Ukrayna bu əsirləri ötən iyulda qaytarılmış beş “Azov” batalyonu komandirinin əvəzində “kompensasiya” olaraq verib.

Sözü gedən komandirləri Ukraynaya Türkiyə qaytarmışdı.

Zelenski isə bildirib ki, azad edilmiş Ukrayna hərbi qulluqçularının arasında Ukrayna silahlı qüvvələrinin əsgər və serjantları, Milli Qvardiyanın, hərbi dəniz donanmasının və sərhəd xidmətinin hərbçiləri var.

Prezident qeyd edir ki, bunlardan bəziləri Mariupol şəhərinin və Azovstal zavodunun müdafiəçiləri olub.

Ukrayna parlamenti Verxovna Radanın insan haqları müvəkkili Dmitri Lyubints deyib ki, bu, sayca 49-cu əsir mübadiləsi olub.

Onun sözlərinə görə indiyədək 2828 Ukrayna hərbi əsiri qaytarılıb.

Hərbi əsirlərlə rəftar məsələləri üzrə koordinasiya qərargahı bildirib ki, azad edilən hərbi əsirlərdən 225-i kişi, 5-i qadındır.

Qərargah bildirir ki, qaytarılanlardan 182 nəfərinin Qırmızı Xaç Komitəsi tərəfindən hərbi əsirliyi təsdiq olunub. Qaytarılanlanlardan 48 nəfəri “itkin” sayılırdı.

Bundan əvvəl Ukrayna və Rusiya 2023-cü ilin avqustunda əsir mübadiləsi etmişdilər.

O vaxt vətənə 22 ukraynalı hərbi əsir qaytarılmışdı. Bundan sonra əsir mübadilələri dayandırılmışdı.