Ukrayna Rusiya ilə ‘dostluq müqaviləsindən’ çıxır

Rusiya ilə dostluq müqaviləsinin dayandırılmasına Ukraynanın 277 millət vəkili səs verib

Ukrayna parlamenti Verxovna Rada Rusiya ilə Dostluq Müqaviləsinə xitam verilməsinə dair prezident Petro Poroshenko-nun təşəbbüsünü qəbul edib.

Dekabrın 6-da 277 millət vəkili vaxtı bitdikdən sonra bu müqavilənin uzadılmamasına səs verib. Qanunun qəbulu üçün 226 səs tələb olunurdu.

Beləliklə, Rusiya-Ukrayna Dostluq Müqaviləsinin vaxtı 2019-cu il, martın 31-də bitir və həmin müddətdən sonra uzadılmayacaq.

1997-ci ildə imzalanmış bu müqaviləyə görə Rusiya və Ukrayna öz üzərlərinə bir-birinin “ərazi bütövlüyünə hörmət etmək öhdəliyi götürür və iki ölkə arasındakı sərhədlərin dəyişməz olduğunu təsdiq edirlər”.

Müqavilənin şərtlərində bu da deyilir ki, Ukrayna və Rusiya öz aralarında “suverenliyə qarşılıqlı hörmət, sərhədlərin dəyişməzliyi, ixtilafların dinc yolla güc işlətmədən və güc işlətməklə hədələmədən həlli prinsipləri” əsasında ikitərəfli münasibətlər qurmağı vəd edirlər.

Ukrayna hökuməti 2014-cü ilin aprelindən bəri Rusiya tərəfindən dəstəklənən separatçılara qarşı vuruşur. Bundan az əvvəl, mart ayında Moskva Ukrayna ərazisi olan Krımı qanunsuz ilhaq etmişdi.

Moskva Ukraynanın daxili işlərinə qarışmasını inkar etsə də, Beynəlxalq Cinayət Məhkəməsi 2016-cı ildə çıxardığı hökmlə Ukraynanın şərqində davam edən münaqişənin “Ukrayna və Rusiya Federasiyası arasında silahlı münaqişə olduğunu” qərara alıb.