ABŞ-nin Ukraynadakı səfiri Rusiyanın mülki yaşayış məntəqələrinə ardıcıl hücumlardan sonra Kiyevlə "həmrəylik" ifadə edib. Bu, prezident Volodimir Zelenskinin Vaşinqtonu Moskvanın Ukrayna şəhərlərinə ölümcül hücum kampaniyasına "zəif reaksiya" verməklə bağlı tənqidindən bir gün sonraya təsadüf edir.
"Rusiyanın Krivoy Roqda doqquzu uşaq olmaqla 20 nəfərin ölümünə səbəb olan raket hücumundan sonra bu milli matəm günündə Ukrayna xalqı ilə həmrəyik. Bütün həlak olanların və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", – ABŞ səfiri Bricit Brink aprelin 6-da X sosial media hesabında yazıb.
"Səhər saat 6:30-a olan vəziyyətə görə, Kiyev və Ukraynanın qalan hissəsi Rusiyanın ballistik və qanadlı raket hücumları altındadır. Paytaxtda güclü partlayışlar və bir çox şəhərlərə hücumlar barədə xəbərlər var", - o əlavə edib.
Mülki ərazilərə qarşı amansız hava zərbələri fonunda Fransa prezidenti Emmanuel Makron Moskva sülh razılaşması üzrə danışıqları əngəlləməyə davam edərsə, bu ölkəyə qarşı "güclü" tədbirlərlə bağlı çağırış edib.
"Ukrayna prezident (Donald) Trampın qeyd-şərtsiz 30 günlük atəşkəs təklifini, demək olar ki, bir ay əvvəl qəbul edib və biz bütün tərəfdaşlarımızla birgə sülhə nail olmaq üçün çalışarkən, Rusiya mülki vətəndaşları nəzərə almadan müharibəni yenilənmiş intensivliklə davam etdirir", –prezident Makron X platformasında yazıb.
"Rusiyanın zərbələri dayandırılmalıdır. Atəşkəs mümkün qədər tez əldə edilməlidir. Və əgər Rusiya sülhü pozmağa davam edərsə, güclü tədbirlər görülməlidir", – Fransa dövlət başçısı əlavə edib.
Aprelin 5-də Zelenski Krivoy Roq şəhərindəki yaşayış məhəlləsinə Rusiyanın hava hücumuna ABŞ-nin "zəif" reaksiyasını kəskin tənqid edib. Bu hücum nəticəsində yarısı uşaq olmaqla 20 mülki şəxs həlak olub.
ABŞ səfiri Brink sosial şəbəkədəki paylaşımında bu hücumdan dəhşətə düşdüyünü və "bu səbəbdən müharibə bitməlidir" yazıb. Lakin Zelenski bu açıqlamanı tənqid edərək bu hücumu edən tərəfin - Rusiyanın adının birbaşa olaraq çəkilmədiyini qeyd edib. Donald Tramp prezidentliyə başlamazdan əvvəl ABŞ səfiri müntəzəm olaraq Rusiyanı hücumlarına görə tənqid edirdi.
"Təəssüf ki, ABŞ səfirliyinin reaksiyası gözlənildiyindən daha məyusedicidir – belə güclü bir ölkə, belə güclü bir xalq, amma bu qədər zəif bir cavab", – Zelenski sosial mediada yazıb.
Bu şərhlər Rusiyanın Ukrayna şəhərlərinə etdiyi ardıcıl ölümcül hava zərbələrindən sonra səsləndirilib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Russian Missile Strike Hits Kyiv Industrial District
Restoranda əslində gözəllik sənayesi forumu keçirilirmiş
Kiyev rəsmiləri bir nəfərin öldüyünü və ən azı üç nəfərin yaralandığını bildiriblər. Rusiya qüvvələrinin endirdiyi raket zərbəsi paytaxtdakı sənaye rayonuna düşüb, bu da yanğına səbəb olub.
Rusiya qüvvələri Kupyansk şəhərində yaşayış məntəqələrinə də zərbə endirib və nəticədə iki nəfər yaralanıb.
Şəhərin böyük bir hissəsi şimaldan Rusiya qüvvələrinin yaxınlaşması ilə, cəbhə xəttinə yaxın olması səbəbindən təxliyə edilib.
Ukrayna tərəfi bildirib ki, ümumilikdə, Rusiya Ukrayna hədəflərinə təxminən 20-dən çox raket və 100-dən çox dron zərbəsi endirib.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın 11 dron zərbəsi endirdiyini bildirib.
Fevralda Kreml və Ağ ev, eləcə də Ukrayna hökuməti enerji infrastrukturuna hücumları məhdudlaşdıran məhdud atəşkəs çərçivəsini elan ediblər. Moskva və Vaşinqton Qara dəniz bölgəsində hərbi fəaliyyəti məhdudlaşdırmaq üçün də razılaşmanın əldə olunduğunu bəyan edib. Bununla belə, Ukrayna və Rusiya qüvvələri, demək olar ki, hər gecə bir-birinə dron və raketlər atmağa davam edir.
Prezident Zelenski bildirib ki, son bir həftə ərzində Rusiya 1460-dan çox istiqamətləndirilən hava bombası, 670-ə yaxın hücum dronu və 30-dan çox raket atıb.
Ən ölümcül hücum isə 4 aprel gecəsi Krivoy Roq şəhərində baş verib. 603 min nəfərlik əhalisi olan şəhərə hücum nəticəsində 20 nəfər, o cümlədən 10 uşaq həyatını itirib. Aprelin 6-da rəsmi matəm elan olunub.
Moskva bu hücumun Ukraynanın hərbi yığıncağını hədəf aldığını iddia edib.
AzadlıqRadiosunun "Sistema" araşdırma bölməsi müəyyən edib ki, Rusiya ordusunun dediyinə görə, hərbi hissələr və xarici məsləhətçilərin toplantısına ev sahibliyi etdiyi üçün hədəfə alınan restoranda əslində gözəllik sənayesi forumu və ad günü şənliyi keçirilirmiş. Araşdırma şahid ifadələrinə, rəsmi açıqlamalara, ictimai qeydlərə və digər açıq mənbəli materiallara əsaslanır.
Zelenski Rusiyaya əlavə sanksiyalarla bağlı çağırış edir
"Biz atəşkəs əvəzinə uşaqları öldürməyi seçən Rusiyaya təzyiq etməliyik. Qonşularına ballistik zərbələr endirmədən mövcud ola bilməyənlərə qarşı əlavə sanksiyalar tətbiq etməliyik", - Zelenski gecə videomüraciətində deyib.
ABŞ rəsmisi ABC telekanalına bildirib ki, Tramp davam edən atəşkəs danışıqlarını pozacağına görə Rusiya idxalına tariflər tətbiq etməmək qərarına gəlib. Milli İqtisadi Şuranın direktoru Kevin Hassett deyib: "Rusiya və Ukrayna ilə açıq şəkildə davam edən danışıqlar var və düşünürəm ki, prezident iki məsələni qarışdırmamaq qərarına gəlib".
Ancaq o əlavə edib ki, "bu o demək deyil ki, o, (prezident Tramp) həmişə Rusiyaya qarşı fərqli davranacaq".
ABŞ statistikasına görə, 2024-cü ildə Rusiyadan ABŞ-yə təxminən 3 milyard dollarlıq idxal malları gətirilib. Ukraynadan idxal isə təxminən 1.2 milyard dollar olub.