Rusiyayönümlü separatçı bölgənin liderləri ümumi səfərbərlik elan ediblər

Ukrayna, Donetski beynəlxalq hava limanı, 13 oktyabr 2015

Ukraynanın Donetski vilayətindəki Rusiyayönümlü separatçıların rəhbəri Deniş Puşilin nəzarət etdikləri ərazidə ümumi səfərbərlik elan edib. Sözügedən videomüraciət şənbə günü yayılıb. Eyni belə bir videomüraciətlə Luqanskidəki separatçıların lideri Leonid Paseçin çıxış edib.

Puşilin nəzarət edilən ərazidə yaşayan və “əllərində silah saxlaya bilən” bütün kişilərə “ailələrini, Donbası və bütün rus xalqını” qorumağa çağırıb. Bundan başqa şənbə günü səhər tezdən özünü elan etmiş respublikanın deputatları da fövqəladə iclasa toplaşıb və Donetskidə səfərbərlik haqqında qərar qəbul ediblər.

Buna da bax: Bayden əmindir ki, Putin artıq hücum qərarını qəbul edib

Separatçılar bu ərəfədə əhalini Rusiyaya təxliyyəsinə başladıqlarını elan ediblər. Rusiya prezidenti Vladimir Putin hər bir qaçqına 10 min rubl (129 dollar )verilməsi barədə göstəriş verib, fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyayan və Rospotrebnadzorun rəhbəri Anna Popova separatçılarla həmsərhəd olan Rostov vilayətinə göndərilib.

Səfərbərlik və təxliyə Donbassda vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda həyata keçirilir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının xüsusi monitorinq missiyası son günlər bölgədə atışmaların intensivliyinin artdığını qeyd edib. ATƏT missiyasının işi ilə bağlı gündəlik hesabatda bildirilir ki, gün ərzində Donetsk vilayətində atəşkəs rejiminin 200-dən çox, Luqansk vilayətində isə 700-ə yaxın pozuntu qeydə alınıb. Bunun üçün separatçılar və Ukrayna ordusu bir-birini günahlandırır. Separatçılar Ukrayna qoşunlarının onların mövqelərinə hücuma hazırlaşdığını iddia edirlər. Kiyev bunu qəti şəkildə rədd edir.

Buna da bax: ABŞ Rusiyanı Ukraynaya kiberhücumda ittiham edir

"Ukrainskoy pravde"-nın yazdığına görə, cümə günü axşam Ukraynanın işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk separatçıların nəzarətində olan rayonların sakinlərini Kiyevin nəzarətində olan ərazilərə getməyə çağırıb.

"Biz sizi gözləyirik. Biz bütün mümkün şəraiti yaradacayıq ki, yaşamağa eviniz olsun, hiss edəsiniz ki, tək deyilsiniz"-nazirin müraciətində deyilir.

Buna da bax: NATO müttəfiqləri şərqi Avropaya yeni qüvvələr gətirir