Bu gün, fevralın 25-də "Demokratiya 1918" Hərəkatı Bakıda Ukraynanın Azərbaycandakı səfirliyinin önündə bu ölkəyə dəstək aksiyası keçirib.
Hərəkatın sədri Əhməd Məmmədli aksiyada qeyd edib ki, dost və qardaş Ukraynaya dəstək aksiyası keçirməyə qərar veriblər: "Rusiya Federasiyası Ukraynanın ərazi bütövlüyünə qəsd edərək ona qarşı açıq müharibəyə başladı… Rusiya daim qonşu dövlətlərə qarşı istismarçı və işğalçı mövqeyini nümayiş etdirib".
Bəyanatda vurğulanıb ki, Rusiya işğalçı siyasətindən əl çəkməli, Ukraynanın ərazi bütövlüyünü tanımalı və silahlı qüvvələrini ölkədən çıxarmalıdır.
Daha sonra fəallar "Slava Ukraine" (Yaşa Ukrayna) şüarı səsləndiriblər.
Aksiya insidentsiz başa çatıb. Aksiyaya, hələlik, Rusiyanın Azərbaycandaki səfirliklərindən münasibət alma mümkün olmayıb.
Amma fevralın 25-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib ki, heç kim Ukraynanı işğal etməyi planlaşdırmır. Onun sözlərinə görə, Rusiyanın məqsədi Ukraynanın demilitarizasiyasıdır: "Rusiya Ukraynanın demilitarizasiyasını təmin edəcək. Biz də, Ukrayna xalqı da millətçilikdən kifayət qədər əziyyət çəkmişik".
Xatırlatma
Dünən, fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi.