Rusiyanın Ukraynaya raket zərbələrində ölənlər, yaralılar var

Xarkova raket zərbəsi. 23 yanvar 2024

Yanvarın 23-də Ukrayna şəhərlərinə yeni raket zərbələrində bir neçə nəfər öldürülüb, yaralılar var. Ölkə ərazisində hava həyəcanı elan edilib.

Kiyevdə bir qadın həlak olub, yeniyetmə oğlan daxil olmaqla doqquz nəfər yaralanıb. Bunu mer Vitali Kliçko və şəhər hərbi administrasiyasının başçısı Roman Popko Telegram-da yazıb.

Kliçko Kiyevin üç rayonunun hədəfə alındığını deyib. Onun sözlərinə görə, səkkiz nəfər xəstəxanaya yerləşdirilib, 13 yaşlı bir oğlana yerində tibbi yardım göstərilib.

Xarkov hədəfdədir

Ukraynanın ikinci böyük şəhəri Xarkovda Rusiyanın X-2 raketləri mülki hədəfləri vurub. Vilayət qubernatoru Oleq Sinyehubov iki qadının öldürüldüyünü, 28 nəfərin yaralandığını bildirib. O, Telegram-a tamamilə dağıdılmış çoxmərtəbəli binanın fotolarını, görüntüsünü yerləşdirib.

Dnepropetrovsk vilayətindəki Pavloqrad şəhərində isə Rusiya raketlərindən azı bir nəfərin həlak olduğu xəbər verilir.

Son bir neçə həftədə Rusiya Ukraynada raket zərbələrini kəskin artırıb. Ukrayna rəsmiləri deyirlər ki, dekabrın 29-dan yanvarın 2-dək Rusiya Ukrayna şəhərlərinə azı 500 İran istehsalı dron və qanadlı raket buraxıb.

İntensiv zərbələr Ukraynanın müdafiə qabiliyyəti və sursat ehtiyatlarına təzyiqi gücləndirib. Prezident Volodimir Zelenski Kiyevin müttəfiqlərini silah təchizatını artırmağa çağırıb.