Kiyevdə yüzlərlə adam Parisdə keçiriləcək "normand dördlüyü sammiti" ərəfəsində prezident administrasiyasının qarşısında aksiya keçirir. Bankovoy küçəsində, Vladimir Zelensky'nin administrasiyası qarşısında artıq bir neçə çadır qurulduğu, Ukrayna Milli Qvardiyasının ərazini əhatəyə aldığı bildirilir.
Gündüz isə Kiyevdəki Müstəqillik meydanında "Zelensky üçün qırmızı xəttlər" adı verilən aksiya keçirilib. Aksiya iştirakçıları hesab edirlər ki, dekabrın 9-da Parisdə Putinlə planlaşdırılan görüşdə güzəştlərə getmək, onunla Ukraynanın fedarallaşmasına və o cümlədən Kiyevin nəzarət etmədiyi Donbasda işğal bitməyənə qədər seçki keçirilməsi şərtləri ilə razılaşmaq olmaz.
Dekabrın 9-na Parisdə Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin son 3 ildə birinci görüşü planlaşdırılıb. Bu həm də Putinlə Zelensky-nin üz-üzə ilk görüşü hesab edilir. Bu görüş 2014-cü ilin aprel ayından bəri 13 mindən çox insanın həyatını itirdiyi Donbassdakı münaqişənin həllində ən azı bir az irəliləyişə ümid verir.