Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə ölkədə əhalinin artımına toxunub. O deyib ki, Azərbaycan daha da uğurla irəli gedəcək: "Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə üç uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə beş uşaq deyirəm. Bunu bacardıqda Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir".
Azərbaycanda bu il yanvarın 1-dən beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manat müəyyən edilib. Lakin ölkədə uşaqlara bütünlükdə 2006-cı ildən aylıq müavinətlər verilmir.
2023-cü il mayın 1-nə olan məlumata görə, Azərbaycanda 10 milyon 143 min 521 insan var. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində bu ilin dörd ayında 37 min 159 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12.1-dən 11.1-ə düşüb.
Buna da bax: Ana çörəkpulunu zibil yığmaqdan çıxarır, uşaqlar məktəbə gedə bilmirlər615 min uşaq müavinət alır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki, bu gün Azərbaycanda 615 min uşaq müavinət alır: "18 yaşadək əlilliyi olan şəxslər, ailə başçısını itirən, aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və s. kateqoriyadan olan uşaqlar aylıq sosial ödənişlə təmin edilir… Uşağın anadan olmasına görə isə birdəfəlik müavinət ödənilir".
Nazirlikdən vurğulanıb ki, ötən dövrdə bu ödənişlərin artırılması təmin olunub: "Xüsusilə son beş ildə ölkəmizdə reallaşdırılan dörd sosial islahat paketi nəticəsində müavinət və təqaüdlər üzrə ödənişlərdə beş dəfə artım baş verib".
Sizin brauzer HTML5-i dəstəkləmir
"75 faizin gəliri yalnız qidalanmağa yetir"
İqtisadçı Nazim Bəydəmirli də AzadlıqRadiosuna bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, yalnız beşdən artıq uşaqlı analara müavinət sistemi mövcuddur: "Bu müavinət 105 manatdır. Ancaq uşaqlar üçün 2023-cü ildə nəzərdə tutulan yaşayış minimumu 220 manatdır. Yəni, minimal şərtlərlə beş uşağı saxlamaq üçün ailənin 1100 manatlıq gəliri olmalıdır. İki valideyni də nəzərə alsaq, bu minimal məbləğ 1600 manatdan yuxarı olmalıdır ki, heç olmasa, yaşayış minimumunu təmin etsinlər. Təbii ki, bura kommunal, təhsil və səhiyyə xərcləri aid deyil. Onları da hesablasaq, çox böyük məbləğ alınar".
O xatırladıb ki, Azərbaycanda rəsmi muzdlu çalışanların sayı 1 milyon 700 min nəfərdir: "Onlardan yarısı median əməkhaqqı alır. Onun məbləği də 450 manata qədərdir. Orta əməkhaqqı da rəsmi olaraq 900 manat civarındadır. Bu maaşla beş uşaq saxlamaq mümkün deyil. Azərbaycan ən çox borclanan vətəndaşlara malikdir və əhalinin 75 faizdən yuxarısının gəlirləri yalnız qidalanmağa yetir".
Buna da bax: Yanvardakı artımlar üç aya necə 'əridi'İqtisadçının sözlərinə görə, rəsmilər Azərbaycanı "sosial dövlət" adlandırmalarına rəğmən, dövlət büdcəsinin böyük hissəsi müdafiə, hüquq-mühafizə orqanlarının saxlanılmasına ayrılır: "Sosial müdafiə tədbirləri ilə bağlı vəziyyət isə çox pisdir".