Sığınacaqdakı uşaqlarda xəsarətlər...

Uşaq zorakılığı

Bakının Bakıxanov qəsəbəsində sığınacaqda müxtəlif dövlət orqanlarının keçirdiyi monitorinqdə uşaqların bədənində xəsarət izlərinin aşkarlanması ilə bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilir.

Bu barədə bu gün, iyunun 2-də Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmin sığınacaqda saxlanan C.M.-nın (şərti) müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun oradakı digər azyaşlılara da zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib: "O cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib".

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxsin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi…), 133.2.1 (iki və ya daha çox şəxsə əzab vermə) və 133.2.4-cü (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Rəsmi açıqlamaya, hələlik, sığınacağın rəhbərliyindən və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb.