Uşaqlar tezmi böyüyür

Əslində əvvəlki nəsillər üçün əlçatan olmayan kontentə çıxış imkanları heç də pis şey deyil.

İndiki uşaqlar uşaqlıq yaşamır. Uşaqlığını bugünkü uşaqlardan çox fərqli, rəqəmsal təzyiqlərdən azad keçirən valideynlər belə düşünür. Bu gün orta statistik valideyn 10-yaşlı övladına smartfon verir və beləliklə, öncəki nəsillərin ağlına belə gətirmədiyi dünyalara qapını onların üzünə açır.

Limitsiz xəbərlər, sosial media və əvvəllər yalnız böyüklər üçün olan çox sayda imtiyaz artıq uşaqlara da açıqdır. Görəsən, bu, onları yetkinlik yaşına çatmadan emosional baxımdan yetkinləşdirirmi?

"Daha kiçik yaşda böyüyən uşaqlar"

BBC yazır ki, ingiliscə bunu ifadə edən termin belə var: KGOY (kids getting older younger), yəni "daha kiçik yaşda böyüyən uşaqlar". Bu termin özlərindən əvvəlki nəsillərdən daha məlumatlı olmasını ifadə edir.

KGOY termini əslində marketinq sahəsindən gəlir. Uşaqların brendlərdən daha yaxşı başı çıxdığı üçün məhsulları valideynlərə deyil, uşaqlara reklam etmək lazımdır. Bu nəzəriyyə 2000-ci illərin əvvəllərindən mövcuddur. Ekspertlər uzun zamandır ki, uşaqların erkən yaşda böyüklər üçün nəzərdə tutulmuş TV proqramlarına baxması və yeniyetmə qızların öz zahiri görkəmləri ilə bağlı təzyiq hiss etmələri kimi məsələləri gündəmə gətirirlər.

Buna da bax: Yeniyetmənin sarkazmı intellekt göstəricisidir

Bir çoxları uşaqların çox sürətlə böyüməsindən narahat olsa da, onların çox gec yetkinləşməsini deməyə əsas verən dəlillər də var. Araşdırmalar Z nəslinin təhsili bitirib ana-ata evini tərk etməyə çox da tələsmədiyini, cinsi həyata başlamaq, maşın sürmək, sevgi münasibətləri kimi "böyüklərə aid" işlərə əvvəlki nəsillərdən gec başladığını göstərir.

"Tez böyümək" nə deməkdir

Texnologiya uşaqlara daha çox informasiya verməklə onların intellektual baxımdan daha məlumatlı etmiş ola bilər. Ancaq onların daha tez böyüməsi məsələsi mübahisəlidir. İlk növbədə tez böyüməyin nə demək olduğunu anlamaq lazımdır.

Məqalədə deyilir ki, uşaqlıq və yetkinlik ideyası, əsasən, sosial konstruksiyadır. İnsanların bununla bağlı baxışları nə zaman və harada böyümələrindən asılı olaraq dəyişir.

Əksər ölkələrdə insanlar 18 yaşdan etibarən yetkin sayılırlar. Ancaq, məsələn, Yaponiyada siz 20 yaşınıza qədər uşaq sayılırsınız. İranda isə qanunla 9 yaşdan etibarən sizinlə yetkin şəxs kimi davrana bilərlər. Tarixən də "uşaqlıq" anlayışı fərqli olub. XIX əsrdə 10 yaşdan kiçik uşaqların işləməsi adi hal idi. "Tineycer" anlayışı isə 1940-cı illərə qədər, ümumiyyətlə, mövcud olmayıb.

Buna da bax: Övladınız videooyunlara aludə olubsa...

Qavrayış və emosional inkişaf

Belə olan halda uşaqların daha sürətlə böyüməsi ideyası necə başa düşülməlidir? Nyu-Yorkdakı Təhsil İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən "Uşaqlar və Texnologiya" tədqiqat Mərkəzinin vitse-prezidenti Şelli Pasnik deyir ki, ətraf dünya daim dəyişsə də, uşaqların qavrayış və emosional inkişaf mərhələləri olduğu kimi qalır.

Pasnik vurğuylayır ki, sosial və mədəni mənada "böyümə" anlayışını ölçmək çox çətindir. Uşaqlıqla bağlı o qədər mədəniyyətlərarası, linqvistik, inkişaf aspektləri var ki, hər hansı bir amili uşaqların tez böyüməsinin indikatoru kimi götürmək mümkün deyil. İnsanlar öz uşaqlıqlarını ideallaşdırmağa meylli olduqlarından böyüklərin bugünkü uşaqların həyatını öz nostaljik hissləri ilə müqayisə edərək narahatlıq keçirməsi başadüşüləndir.

Əslində əvvəlki nəsillər üçün əlçatan olmayan kontentə çıxış imkanları heç də pis şey deyil. Texnologiya uşaqların müstəqil bilik qazanmasında və tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirməsində rol oynayır. Ucqar yerlərdə yaşayan uşaqlar texnologiya vasitəsilə bilik və dəstəyə çıxış əldə edirlər.

Buna da bax: Uşaqlarını izləyən valideynlər

Nəzarət amili

Texnologiya uşaqların inkişafına təsir edən yeganə sosial qüvvə deyil. Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə valideynlərin uşaqların həyatına nəzarəti güclənib. Sinifdənxaric fəaliyyətlər, uşaqların diqqətlə planlaşdırılmış gündəlik fəaliyyətləri, uşaqlığın institutlaşdırılması bu nəzarətin ən çox görünən tərəfləridir.

Doğum səviyyəsinin azalması, uzunömürlülüyünsə artması şəraitində uşaqlar valideynlərinə daha yaxın, daha təhlükəsiz şəraitdə böyüyürlər. Bu isə onların əvvəlki nəsillərdən daha yavaş yetkinləşməsinə səbəb olur.

Pandemiyanın bu prosesə təsiri haqda isə danışmağa gərək qalmır. Məktəbə getmək əvəzinə evdə qalmalı olan uşaqlar olan-qalan müstəqillik imkanlarından da məhrum olublar. Ancaq, digər tərəfdən, maska taxmaq kimi şərtlər onları böyüklər dünyasının öhdəliklərini daha erkən yaşda anlamağa məcbur edib.