Qazaxların 75%-i hesab edir ki, uşaqları döymək olar

Uşaq zorakılığı

BMT-nin Uşaq Fondu – UNICEF Astanada uşaqlarla bağlı məhkəmə və ailə zorakılığı sahəsində geniş tədqiqatın nəticələrini təqdim edib. Məlum olub ki, Qazaxıstanın yetkinlik yaşına çatmış əhalisinin 75%-i ailədə uşaqlara nəzarət və nizam-intizam üçün fiziki cəzaların tətbiqini dəstəkləyir.

Bəs hökumət bu durumu dəyişməkdən ötrü nə edəcək? Ailələrdə zorakılığı azaltmaq üçün valideynlərə təsir göstərəcəkmi? CurrentTime.TV bu suallara cavab axtarıb.

UNICEF -in məlumatına görə, Qazaxıstanda şagirdlərin 60%-i valideynləri və ya qəyyumları, 14%-i isə bacı və qardaşları tərəfindən döyülüb. Bundan başqa, uşaqların 65%-i yaxınları tərəfindən psixoloji zorakılığın müxtəlif formalarına – təhqirlərə və rişxəndə məruz qaldıqlarını deyirlər.

YOXSUL AİLƏLƏRİN PROBLEMİ?

Qazaxıstanda zorakılığa məruz qalan uşaqların çoxu yoxsul ailələrdə tərbiyə alır.

«Daxili işlər orqanlarının qeydiyyatında 16 min uşağın tərbiyə aldığı çox sayda yoxsul ailə var. Bütün bu uşaqlar... potensial zorakılıq qurbanlarıdır. Bütün bu uşaqlarla profilaktik iş aparılmalıdır. Hazırda aparılan iş yetərli deyil», – deyə Qazaxıstan Baş Prokurorluğunun şöbə rəisi Panagul Shynbaeva qeyd edib.

Bu yaxınlarda bütün Qazaxıstan internetdə yayılmış bir videodan dəhşətə gəlmişdi. Videoda Pavlodardan olan ananın Aylin adlı dördyaşlı uşağı döydüyü görüntülənib. Hazırda uşaq atasına verilib və məhkəmə araşdırması gedir. Prokurorluq əməkdaşları belə cinayətlərdə uşaqlara qarşı zorakılıq halları barədə məlumat verməyən şəxsləri də günahkar sayır.

Panagul Shynbaeva

«Belə insanların psixi problemlərinin olub-olmadığı dərhal yoxlanılmalıdır. Bu, məsələn, hüquq-mühafizə orqanlarının təqdimatı əsasında gerçəkləşə bilər. Ancaq hazırda bizdə belə mexanizmlər yoxdur. Qohumların, qonşuların və ya uşaqların özlərinin şikayətləri tədbir görməyə əsas ola bilər», – P.Shynbaeva deyir.

MƏKTUBLARA CİDDİ YANAŞILMALIDIR

Döyülən uşaqların bəziləri intihar edir. Qazaxıstanın uşaq ombudsmanının sözlərinə görə, hüquq-mühafizə orqanları uşaq və yeniyetmələrin intihar öncəsi yazdıqları məktublara daha ciddi yanaşmalıdırlar.

Uşaq ombudsmanı Askar Shakirov-un fikrincə, uşaqlara qarşı zorakılığın statistikası böyümür, böyüyən yalnız KİV və cəmiyyətin bu problemin müzakirəsinə marağıdır.

A.Shakirov həmçinin hesab edir ki, Qazaxıstan hökuməti uşaqlara zorakılıq problemini yetərincə uğurla həll edir. 2016-cı ilin yazında ölkə prezidenti Nursultan Nazarbaev uşaq hüquqlarının müdafiəsiylə bağlı qanunvericiliyə düzəlişləri imzalayıb. Bundan başqa, pedofillərin məcburi kimyəvi kastrasiyası ilə bağlı norma tətbiq edilib. Ancaq mütəxəssislər deyirlər ki, uşaqlara qarşı zorakılıq yalnız cinsi zorakılıq deyil, ilk növbədə məişət və emosional zorakılıq kontekstində nəzərdən keçirilməlidir.

42 ÖLKƏDƏ UŞAQLARI DÖYMƏK QADAĞANDIR

Qeyd edək ki, dünyanın 145 ölkəsində fiziki cəzalarla bağlı müxtəlif qadağalar mövcuddur. Ancaq yalnız 42 ölkədə uşaqları döymək tamamilə qadağandır.

Bəzi ölkələrdə uşaqların zorakılığa məruz qoyulmasını dini normalarla, bəzilərində isə ənənəvi həyat tərziylə əsaslandırırlar. Uşaqlıqda döyülmüş valideynlərin özləri də uşaqlarını eynən bu tərzdə böyüdürlər.

Uşaq zorakılığı

Afrika və Şərqi Asiyanın bir çox ölkəsində uşaqların cəzalandırılması tamamilə qanunidir. Yaxın Şərqin bəzi ölkələrində «tərbiyəvi məqsədlərlə» hətta şallaqlama belə tətbiq olunur. BMT Uşaq Hüquqları Komissiyası istənilən səviyyədə ağrıya yol açan fiziki cəzanı müdafiəsiz, zəif uşaqlara qarşı səlahiyyəti aşma saysa da, müxtəlif ölkələrdə valideynlər öz övladlarını fiziki güc yoluyla tərbiyə etməyə çalışırlar.

Böyük Britaniyada:

məktəblərdə fiziki cəzalar 1987-ci ildə tamamilə ləğv edilib;

2005-ci ildə qəbul edilmiş qanuna görə, ailədə qançırlara, dərinin sıyrılması, cızılması, suluqlaması və kəsilməsinə yol açan istənilən cəzaya görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Kanadada:

məktəblərdə fiziki cəzalar 2004-cü ildə ləğv edilib;

ailədə uşaqları yalnız valideynlər və ya rəsmi qəyyumlar cəzalandıra bilər, ancaq bədən xəsarəti yetirmək (məsələn, başa vurmaq) və cəza zamanı müxtəlif əşyalardan istifadə etmək qadağandır.

İsveçdə:

məktəblərdə fiziki cəzalar qadağan edilib;

1979-cu ildə İsveç dünyada ilk dəfə uşaqların istənilən formada fiziki cəzalandırılmasını yasaqlayaraq bu hərəkəti cinayət elan edib;

Sinqapurda:

məktəblərdə uşaqları çubuqla döyməyə icazə verilir;

qanunvericilik ailədə uşaqları cəzalandırmağı qadağan etmir, ancaq cəmiyyət belə hallara yaxşı baxmır.

ABŞ-da:

19 ştatda məktəblərdə cəzalara icazə verilir. Bu praktikaya ölkənin cənubundakı dini məktəblərdə daha tez-tez rast gəlinir.

Rusiyada:

məktəblərdə fiziki cəzalar 1917-ci ildən qadağan edilib;

ailədə fiziki cəzalar təkrarlanmayınca, qanunla təqib olunmur.